Azərbaycan ordusu bu kəndlərə daxil olub - " Nikol, sən daha nələr haqda anlaşmısan?"

13:42 - 13 Dekabr
    1220 oxunma

Erməni tərəfinin işğaldan azad edilmiş Hadrut ətrafında törətdiyi terror əməllərindən sonra Azərbaycan ordusu keçmişdə eyni adlı rayonun inzibati ərazisinə daxil olmuş, hazırda isə Xocavəndin tərkibində olan Köhnə Tağlar və Çaylaqqala kəndlərinin yaraqlılardan təmizlənməsi əməliyyatını həyata keçirir. Bu haqda erməni mənbələri bildirir.

Məsələ burasındadır ki, noyabrın 10-da üçtərəfli bəyanat əsasında hərbi əməliyyatlar dayandırılanda həmin kəndlərdə hələ erməni yaraqlı dəstələri qalırdı. Lakin kəndlər hər tərəfdən Azərbaycan ordusunun nəzarətində idi, çünki həm Hadrut, həm Cəbrayıl, həm Laçın istiqamətindən Köhnə Tağlara və Çaylaqqalaya gedən yollar işğaldan azad edilmiş ərazilərdən keçir. Bununla belə Şuşanın Turşsu kəndi istiqamətindən bu kəndlərə dağlq, meşəlik ərazilərdən keçən, ancaq yüksək keçid qabiliyyətinə malik nəqliyyatın hərəkət edə biləcəyi yol var. 

Belə görünür ki, fürsətdən istifadə edən ermənilər işğal edilmiş ərazilərin daxilində anklav vəziyyətdə qalan bu kəndlərə son günlər əlavə qüvvə cəmləşdiriblər və oradan platsdarm kimi istifadə edərək Hadrut ətrafında terror əməlləri törətməyə cəhd edirdilər. Həmin kəndlərdə yaşayan ermənilər isə çoxdan oranı tərk etmişdi. Çaylaqqala kəndindən Hadrut qəsəbəsinə qədər 35 kilometrlik məsafə var. Hər iki kənd bir-birindən xeyli aralıdır və bilavasitə yaxınlığında digər yaşayış məntəqələri yoxdur.

Və bu gün erməni tərəfi Azərbaycan ordusunun həmin kəndlərə tərəf irəlilədiyini bildirib. Çaylaqqaldakı qanunsuz erməni "administrasiyasının” rəhbəri Aleksandr Avanesyan axşam saatlarında "Kavkazskiy uzel”ə bildirib ki, Azərbaycan ordusu artıq Köhnə Tağlar kəndini nəzarətə götürüb. "Çaylaqqala (ermənilər kəndi "htsaberd” adlandırırlar) isə hər tərəfdən mühasirəyə alınıb”,-o deyib. Avanesyanın sözlərinə görə, Rusiya sülhməramlıları öz postlarındadır və baş verənlərə müdaxilə etmir. Lakin bəzi erməni mənbələri sülhməramlıların Çaylaqqala kəndində olduğunu bildirir.

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan isə özünün Facebook səhifəsində baş nazir Nikol Paşinyana müraciət edib: "Nikol, Azərbaycanla sən daha nə haqda anlaşmısan? Hadrutun 2 kəndinə 500 Azərbaycan əsgəri hücum edir. Zirehli texnika cəmləşdirilir. Deyirlər: "Biz razılaşmışıq ki, həmin kəndlər bizə verilməlidir”. Nikol, sən daha nələr haqda anlaşmısan?”

Dağlıq Qarabağdakı qondarma "parlamentin deputatı" Ayk Xanumyan da az əvvəl Azərbaycan ordusunun Çaylaqqala və Köhnə Tağlar kəndlərini tamamilə nəzarətinə götürdüyünü təsdiq edib.

Qeyd edək ki, prezident İlham Əliyev Minsk Qrupunun həmsədrlərini qəbul edərkən erməni ordusunun qalıqlarının terror xarakterli təxribatlar törətdiyini bildirib və sərt şəkildə xəbərdarlıq edərək belə cəhdlərin davam edəcəyi təqdirdə Ermənistan ordusunun tamamilə darmadağın ediləcəyini deyib.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84