Azay Quliyevdən "ictimai sığal": - küçələrə tökülən milyonlar

11:34 - 19 Avqust
    2085 oxunma

Azərbaycanı qarşıda ağır sınaqlar gözləyir. Hazırkı şərtlər daxilində və müxtəlif qurumların mövcud fəaliyyət prinsipləri ilə gələcəkdə ölkəmizi gözləyən riskləri və təhlükələri atlaya biləcəyikmi? Cəbhənin Tovuz istiqamətində baş verən düşmən təxribatları, Bakının küçələrində izdihamlı yürüşlər, davam edən pandemiya şəraiti, ölkədə xaos yaratmağa iddialı “korpus”ların aktivləşməsi hər birimizi bu barədə düşünməyə vadar edir. Xüsusilə də, cəmiyyətdə bufer rolunu oynamalı olan qurumlar öz fəaliyyətlərinə qiymət verməyi çoxdan bacarmalı idilər. Təəssüf ki, bunu bacarmadılar və daha gecdir.

Son hadisələr zamanı müşahidə etdik ki, ölkədə media sahəsinin fəaliyyəti qənaətbəxş olmasa da, öz çuluğunu sudan birtəhər çıxara bildi. Saytlar və sosial mediadakı resurslar vasitəsilə xalqa sağlam bilgilər verildi. Bəs vətəndaş cəmiyyəti institutları nə iş gördülər? Qeyri-hökumət təşkilatlarının baş verən proseslərlə bağlı fəaliyyəti az da olsa, nəzərə çarpdımı? Əslində dövlətin və cəmiyyətin “ideoloji dayaq”larından biri hesab olunan ictimai sektor – Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası daha çox öz fəaliyyətsizliyi ilə diqqət çəkdi. Düzdür, əsaslandırmağa çalışa bilərlər ki, Şura məlum proseslər zamanı QHT rəhbərləri ilə “virtual konfrans”lar keçirdi, müxtəlif məsləhətləşmələr apardı, tövsiyələr verdi. Elə əsas məsələ və təəssüf doğuran hal da budur: Fəaliyyəti dövlətə milyonlarla vəsait hesabına başa gələn QHT Şurasının fors-major hallarda görə biləcəyi iş və ata biləcəyi addım məhz “virtual konfrans”lardır. Hanı bu qurumun sosial dayaqları? QHT-lərə qrant ayırmaqla öz fəaliyyətini daha çox inzibati idarəçilik prinsipləri üzərində quran, özünün ideoloji, hüquqi və mənəvi tərəflərini unudan QHT Şurası cəmiyyətdə nəyə görə bufer rolunda çıxış edə bilmir?

Azay Quliyev bu barədə düşünməlidir...

Ölkədə minlərlə insanın küçələrdə yürüş etdiyi ərəfədə, ardınca da müxtəlif qrupların iğtişaş yaratdığı bir vaxtda gecikmiş “virtual konfranslar” kimə və nəyə lazım idi? Düzdür, bu iğtişaşların qarşısını almaq QHT Şurasının işi deyil, amma...

Hökumət nə vaxta qədər güc strukturları vasitəsilə görə bilməyəcəyiniz işin nəticələri ilə mübarizə aparmalıdır? Səbəbləri aradan qaldırmaq üçün nə iş gördünüz? QHT rəhbərlərini mitinqlərdən çəkindirmək üçün idimi bu “virtual konfrans”lar?

Səbəblərlə mübarizə aparmayan nəticələr bomba kimi ortaya çıxır. QHT sədrlərinə “ictimai sığal” çəkməkdirmi işiniz?

Hanı illərdir fəaliyyət göstərən bu qurumun cəmiyyətə, kütləyə təsir mexanizmləri? Niyə alternativ sosial dayaqlar, cəmiyyəti yönləndirə biləcək təsisatlar və ideoloji addımlar yoxdur?

QHT Şurasının işi-gücü orta məktəblərdə, ali təhsil ocaqlarında tədbir keçirən, bir-iki foto çəkib baş aldadan,  “goreşən” ictimai birliklərin fəaliyyətini güdməkdirmi? Qrantlar elə buna görəmi ayrılır?

QHT Şurası QHT rəhbərlərinin xarici turist səfərlərini təşkil etməklə öz işini bitmiş hesab edirmi?

Azay Quliyev etiraf etməlidir...

Rəhbərlik etdiyi QHT Şurası çoxdan: cəmiyyətin arxasınca axsayır. 250 manat yardım üçün gecəsini-gündüzünü dualarla keçirən insanlar QHT Şurasından ən azı 100 il qabaqdadır. Cənab Quliyev, siz qabaqda olmalı idiniz, arxada yox! Cəmiyyətin arxasınca sürünmək yox, cəmiyyəti arxanızca aparmalı idiniz. QHT Şurası təkcə qrant ayıran maşın deyil.

Torpaqlarının 20%-i işğal altında olan bir bir ölkənin orta məktəbində “vətənpərvərliyin təbliği” mövzusunda tədbirlər keçirən QHT-lərə pul ayırmaq, daha sonra hesabat tələb etmək nə dərəcədə doğrudur? Kimi aldadırıq? Kimə keçirsiniz bu vətənpərvərlik dərslərini? Daxili auditoriyaya hesablanmış bu alayarımçıq vətənbazlıq kimə lazımdır?

Biləsiniz: bu məsələdə də ən böyük məsuliyyəti QHT rəhbərindən daha çox siz daşıyırsınız!

QHT Şurası kütləyə uduzub, QHT Şurası adi kiçik təxribat törətmək gücündə olan qruplara da uduzub, ölkədə ən fəaliyyətsiz siyasi partiyaya da...

2020-ci il avqustun 5-də Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının  iclası keçirilib və iclasda Şuranın 7 qrant müsabiqəsinin (4-ü dövlət qurumları ilə birgə) nəticələrinə baxılmışdır. Müzakirələrdən sonra 70 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib. Olsun! İndi baxaq görək, QHT Şurası hansı layihələrə pul ayırıb və ümumiyyətlə, bütün bunlar bizə nə verəcək? Mövzulardan bir neçəsinə diqqət edək:

“Milli mədəniyyətimizin, adət-ənənələrimizin təbliği və qorunması istiqamətində beynəlxalq onlayn konfransların təşkili”. A.Quliyev bu layihəyə 6 min manat pul ayırıb. Kimsə izah edə bilərmi? Bu günkü şəraitdə “adət-ənənələrimizi” təbliğ etmək kimə lazımdır? Özü də onleyn konfranslar vasitəsilə. Yəni, komputeri açacaq, xaricdə yaşan soydaşlarımızı virtual konfransa qoşacaq, 1-2 saat danışacaqlar, vəssalam. Kimi aldadırıq, cənab Quliyev!?

“COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq əməkdaşlıq: diaspora və beynəlxalq təşkilatların inteqrasiyası”. Bu layihəyə də 9 min manat pul ayrılıb. Bir adam izah eləsin görək, koronavirusa qarşı mübarizədə əməkdaşlıq qurmaq, üstəgəl, ora-bura da inteqrasiya etmək üçün 9 min manatla nə iş görmək olar? Kimə lazımdır bu oyunlar?

Buyurun, 7 min manatlıq daha bir layihə: “Azərbaycançılıq ideyası dünyadakı azərbaycanlı gənclərin milli ideologiyasıdır” mövzusunda tədbirlərin təşkili”.

QHT rəhbərlərini Türkiyəyə istirahətə göndərmək istəyən A.Quliyev “Azərbaycan – Türkiyə tələbə gənclərinin birgə diaspor fəaliyyətinə cəlb edilməsi”. Adlı bu layihəyə də 9 min pul ayırıb.

“Müasir dövrdə Azərbaycan Respublikasında korrupsiyanın səviyyəsinin öyrənilməsi məqsədilə ixtisaslaşdırılmış tədqiqatların və onların hüquqi təminatı barədə rəy sorğularının aparılması” adlı layihəyə 8 min ayrılıb. Bir adam izah eləsin, görək: QHT Şurası 8 min manatla ölkədəki korrupsiyanın səviyyəsini necə öyrənəcək, maraqlıdır.

8 min manatlıq – “Qida təhlükəsizliyinin təmin olunmasında İctimai Nəzarət mexanizminin rolu”.

“Sağlam yaşamaq üçün düzgün qidalan!” - Qida zəhərlənmələrinə qarşı maarifləndirmə işinin təşkili”. Adam 8 min xərcləyib bizlərə düzgün qidalanmağın yollarını öyrədəcək.

Bu siyahını xeyli uzatmaq olar. Amma növbəti yazıda:

Bir şəxsə məxsus bir neçə QHT qrantı necə əldə edir?

Kimlərin xahişləri ilə hansı QHT-lərə pul ayrılır?

Və nəhayət... Azay Quliyev niyə getməlidir? /Azsiyaset.az/

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84