ABŞ və Fransanın narahatlığı üçün çox gecdir: Türkiyə Qafqazdadır - ŞƏRH

12:46 - 19 Noyabr
    1710 oxunma

Noyabrın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoferi (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüş zamanı Dağlıq Qarabağda və onun ətrafında atəşin və bütün hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli birgə bəyanatdan sonra bölgədəki vəziyyətin həlli üçün vasitəçilik səylərinin əlaqələndirilməsi məsələləri müzakirə edilib. 

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr bəyanatı Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni situasiya yaradıb. Bu, faktiki olaraq Minsk qrupunun iki həmsədr ölkəsinin – ABŞ və Fransanın münaqişənin həlli prosesindən uzaqlaşdırılması demək idi. ABŞ və Fransanın yenidən münaqişənin nizamlanması prosesinə daxil olmasına çalışması Azərbaycanda da birmənalı qarşılanmır. 

Bizimxeber.az Minsk qrupunun fəaliyyətinin bərpa etməyə çalışmaq cəhdlərini politoloqlarla müzakirə edib. Politoloq Elxan Şahinoğlu hesab edir ki, ABŞ və Fransanı mövcud şəraitdə ən çox narahat edən məqam Türkiyənin Cənubi Qafqazda artan roludur: 

 

"Minsk Qrupu həmsədrləri illər uzun Dağlıq Qarabağ münaqişəsinin "həlliylə” məşğul oldu, əslində isə işğalçının nazı ilə oynadı. Həmsədrlər (ABŞ, Fransa və Rusiya) özlərinin hazırladığı "Madrid planını” Ermənistana qəbul etdirmədi. Nəticədə Azərbaycan qərarını verdi və müharibə başladı. Azərbaycan qalibdir.

Əlbəttə, Fransa və ABŞ-da bu bəzi dairələri narahat etsə də, Ermənistanın məğlubiyyətindən çox da kədənlənmirlər. Onları əsas narahat edən Türkiyənin Cənubi Qafqazda artan roludur.

Müharibə getdiyi müddətdə danışıqlar prosesində əsas iki dövlət iştirak edirdi – Rusiya və Türkiyə. Məhz bu iki ölkənin rəsmiləri 44 gündə bir-birləriylə tez-tez telefon danışıqları apardılar və vəziyyətdən çıxış yolları axtardılar. İki həmsədr – ABŞ və Fransanın faktiki oyundankənar vəziyyətdə qalması Rusiyanı da narahat etmirdi. Çünki ABŞ və Fransanın Rusiyaya qarşı sayı bəlli olmayan sanksiya qərarı var, münasibətlərində kifayət qədər problemlər var. Ona görə də Moskva müharibə müddətində Paris və Vaşinqtonla hərəkət etməkdənsə Ankara ilə dialoqa ehtiyac duydu. Moskva anlayırdı ki, Azərbaycan Vaşiqnton və Parisin çağırışlarını eşitməyəcək, Bakı daima Ankara ilə təmas içində idi.

Buna baxmayaraq, Vaşinqton və Paris son günlər "biz də varıq” deməyə çalışırlar. Parisdə ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Fransanın xarici işlər naziri Jan İv Le Drian arasında görüşdə müzakirənin əsas mövzularından biri Dağlıq Qarabağ olub. Onlar əvvəlkitək həmsədrlik instutunun davamının gərəkliyini vurğulayıblar.

Birincisi, ABŞ və Fransanın xarici siyasət idarələrinin başçıları atəşkəsin əldə olunmasında Rusiyannı addımlarını qeyd ediblər. Yəni Pompeo və Jan İv Le Drian Rusiyanın addımlarını dəstəklədiklərini deməyiblər, sadəcə "olan faktı qeyd ediblər”. Yəni Vaşinqton və Paris qeyri-müəyyən ifadə ilə Rusiyanın atəşkəs naliyyətini tərifləməkdən çəkiniblər.

İkincisi, ABŞ və Fransanın baş diplomatları sualların qaldığını, ən başlıcası isə Türkiyənin rolundan narahat olduqlarını açıq ifadə ediblər. Bu suallara onlar Rusiyadan cavab istəyiblər. Rusiya hər iki həmsədr ölkənin təmsilçilərini məsələni aydınlaşdırmaq üçün Moskvaya dəvət edib. ABŞ və Fransanın baş diplomatları açıq bildiriblər ki, Türkiyənin Şərqi Aralıq, Liviya və Suriyadakı siyasətindən narazıdırlar. Yəni onlar bununla demək istəyiblər ki, Türkiyənin Cənubi Qafqazdakı və Azərbaycandakı fəallığı da onları narahat edir. ABŞ təmsilçisi onu da vurğulayıb ki, Türkiyənin bölgədə hərbi potensialının artmasından narahatdır, elə bil söhbət Vaşinqtonun NATO üzrə müttəfiqindən getmir.

Üçüncüsü, ABŞ və Fransa təmsilçiləri qeyd ediblər ki, danışıqlar yenidən həmsədrlər çərçivəsində aparılmalıdır. Hiss olunur ki, Rusiya da bunu istəyir. Müharibə müddətində Ankara ilə sıx dialoq içərisində olan Moskva Türkiyənin Cənubi Qafqazda artan rolunu balanslaşdırmaq üçün Vaşinqton və Parisin diplomatik imkanlarından istifadə etməyə maraq göstərə bilər.

Beləliklə, Fransa və ABŞ yenidən meydana qayıtmaq istəyir. Ancaq meydanda hazırda iki əsas oyunçu var – Rusiya və Türkiyə. Əlbəttə, Ermənistan Fransa və ABŞ-ın oyuna qayıtmasını çox istəyir, çünki müharibə boyunca Vaşinqton və Parisdən öz xeyrinə açıqlalamar əldə edirdi. Əsas sual budur: Biz bu iki dövlətin yenidən danışıqlar prosesində rol almasını istəyirikmi? Rusiya onsuz da ermənilərdən yanadır, bir də ona daha iki ermənipərəst mərkəzin qoşulmasından nə əldə edəcəyik?”

Müstəqil siyasətçi Sahib Kərimli bildirib ki, indiki şəraitdə Qarabağla bağlı danışıqlara əlavə ölkələrin qoşulması maraqlarımıza uyğun deyil. Çünki prosesə başqa ölkələrin qoşulması əlavə maraqlar deməkdir: 

 

"Həm də ABŞ və Fransanın Minsk qrupu adı altında yenidən danışıqlara qayıtmasının münaqişənin nizamlanması prosesinə ciddi təsiri olmayacaq. Bölgə ölkələri, yəni Rusiya və Türkiyənin iştirak etdiyi "2+2” formulu daha effektlidir. ABŞ və Fransanın münaqişənin həllinə Rusiya və Türkiyə qədər təsir etmək imkanları da yoxdur. Əlavə kiminsə danışıqlara qoşulması balansı hansısa tərəfin xeyrinə dəyişdirə bilər”.  

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, Azərbaycan üçün indiki mərhələdə Minsk qrupunun danışıqlar prosesinə yenidən qatılmasının bir ziyanlı tərəfi yoxdur: 

"Əksinə ABŞ və Fransanın da danışıqlara daxil olması Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının azalmasına gətirib çıxara bilər. İkinci bir tərəfdən Azərbaycan illərdir Minsk qrupunun təklif etdiyi həll prosesini hərbi əməliyyatlar yolu ilə uğurla başa vurub. Əgər yeni mərhələdə ABŞ və Fransanın həmsədr olduğu Minsk qrupu Qarabağ münaqişəsinin həlli ilə bağlı uğurlu bir model təklif etsə, niyə də danışıqlarda iştirak etməsin”.

Zərdüşt Əlizadənin fikrincə, Türkiyənin münaqişənin həllinə daxil olmasına görə ABŞ və Fransanın narahatlıqları başa düşüləndir:  "Çünki münaqişənin həllində vasitəçilik etmək maraqlarını həmin bölgədə qorumaqdır. Bunun siyasi və iqtisadi tərəfləri var. Türkiyəni də buna görə istəmirlər. Amma çox gecdir, Türkiyə artıq Cənubi Qafqazda var və onlar da bu reallığı qəbul etmək məcburiyyətindədirlər”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84