21-ci əsdə Xəzər rayonunda küçə - Utanaq, yoxsa həzz alaq? - FOTOLAR

15:57 - 26 Dekabr
    2490 oxunma

Şəkildə gördüyünüz bu küçə Xəzər rayonu, Şağan 1 Təzə Sahə Massivi, Əlizadə ünvanıdır. Küçə Buzovna-Bilgəh magistral yolunun sağında - 50 metrliyində yerləşir.

Hə, bu küçənin sakinləri də var.  Yəni adamları... Hər gün işə, dükana, dərd-sərinə gedib-gəlir. Pandemiyaya görə, məktəblər bağlı olduğu üçün uşaqlar yaxşı ki evədir. Küçənin girişində yaşayan imkanlı şəxslər uzun illərdən sonra Buzovna-Bilgəh magistral yolundan görünən hissəsini öz imkanları hesabına asfaltlatdırdılar.

Kasıblar, məzlumlar yaşayan hissə isə bax bu vəziyyətdədir.

Son 20 ildir ki, kücədəki məlum vəziyyətin qismən yaxşılaşdırılması ilə bağlı azı 200 dəfə Rayon İcra Hakimiyyətinə, Şağan kənd bələdiyyə sədrinə, kənd icra nümayəndəliyinə müraciət olunsa da, heç belə maraqlanan yoxdur. Yalnız 20 ildir eyni adam "bu il təmir olunacaq" deyir.

Bu ilin əvvəlində və ortasında etdiyimiz müraciət zamanı yolun təmir olunacağı bildirilmişdi. Gördüyünüz kimi, 2020-ci il də bitir, artıq Qarabağı da aldıq, amma bu küçə nəinki təmir olundu, heç bir maşın qum da tökülmədi.

Açığı bu yazıdan sonra nə rayon rəhbərliyinin, nə hələ də üzünü görmədiyimiz bələdiyyə sədrinin, nə deputatın bu küçə barədə nəsə düşünəcəyinə inanmıram. Sadəcə ənənəni pozmamaq üçün bu şəkilləri paylaşmaq məcburiyyətindəyəm.

Bütün ölkə görsün ki, 21-ci əsrdə, Bakı şəhərində, Xəzər rayonu, Şağan Təzə Sahə massivində belə bir küçə var. Bəlkə Xəzər rayon icra başçısı bu şəkillərdən utanıb bu küçəyə bir maşın "qrabil" göndərər. Məntiqlə bu ölkənin, bu küçənin sakinləri bir maşın "qrabil"ə də dəymirsə demək ki, biz vətəndaş deyilik.

Yeri gəlmişkən bu küçə ilə paralel küçədə 2-ci Qarabağ döyüşlərində canını vətən, torpaq üçün şəhid verən övladın valideynləri yaşayır. Elə həmin küçə də eyni vəziyyətdədir.

Xəzər rayon icra başçısı Elşən Salahovun (üzünü belə görməmişik) nə düşündüyünü bilmirəm. Amma mən onu düşünürəm ki, Bakıda belə küçənin olduğu üçün ancaq utanmaq lazımdır. Bu kimi küçələrin qismən təmiri, düzlənməsi, müəyyən qədər problemin aradan qaldırılması üçün bir addım atmayan rayonun aidiyyatı qurumlarının rəhbərləri nəzarətlərində belə bir küçənin olmasına görə, ən azı utanmalıdır. 

Vətəndaş müraciət etməkdən yorulursa, bu küçələrdə hərəkət edən insanlar, körpələr çamura batırsa, çamurlu ayaqqabıları ilə avtobusa minməzdən öncə yolda yağış suyu ilə ayaqqabısını yuyursa, deməli vətəndaş təmizdir, o utanır, o səliqəli görünmək istəyir. Amma məmur bu vəziyyəti görməzdən gəlirsə demək ki, yerində deyil. 

Bax budur problem. 

Bir mətbuat işçisi olaraq adətən yazılarımızı "Ümid edirik ki, problem tezliklə həll olunar" fikirləri ilə bitiririk. Amma mən məlum, bəlkə də məhkum küçə ilə bağlı bunu deyə bilməyəcəm. 20 ildir bu küçənin problemi həll olunmursa , rayon rəhbərliyi bu küçə barədə ümumiyyətlə, düşünmürsə demək ki...

Bəli demək ki, ya biz vətəndaş deyilik, ya da o məmur üçün vətəndaş anlayışı yoxdur.

Fotolara baxın! Mən küçənin bu vəziyyətinə görə, utanıram, bəz siz əziz məmurlar UTANMIRSIZ?! 

Ədil Hüseynli
Bizimxeber.az-ın baş redaktoru

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84