bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Qanun çıxdı, “Exchange”lərdən isə hələ xəbər yoxdur…

498 oxunma | Tarix: | 2 il öncə

Azərbaycanda “exchange”lərin fəaliyyəti bərpa olunması ilə bağlı müvafiq qanun təsdiqlənib. Xəbər verildiyi kimi   Prezident İlham Əliyev ötən ay valyutadəyişmə fəaliyyətinin tənzimlənməsi ilə bağlı fərman imzalayıb. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanuna edilən dəyişikliklərə əsasən, artıq girov müqabilində fiziki şəxslər də valyuta dəyişmə məntəqəsi sahibi ola bilərlər. Bunun üçün onlardan Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edərək lisenziya almaq tələb olunur.

 

Beləliklə, qanunun qəbulundan 20 günə yaxın vaxt keçib və hələ ki, Bakıda valyutadəyişmə məntəqələrinə rast gəlinmir. İndiyə qədər lisenziya üçün nə qədər müraciət olunduğunu aydınlaşdırmaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əlaqə saxladıq. Palatadan “Bizimxeber”əbildirdilər ki, hələ ki, ərizlərin qəbuluna başlanılmayıb: “Palata lisenziya ilə bağlı ərizlərin qəbuluna başlamayıb. Nə vaxt başlanacağı da məlum deyil. Yəqin ki, bu barədə mətbuata məlumat veriləcək”, – deyə palatadan bildirlər.

 

Qanunvericiliyə əsasən,  valyuta mübadiləsi məntəqəsi açmaq üçün ərizə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilir və həmin gün qeydiyyata alınır. Palata ən geci 3 iş günü müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməlidir.

 

Qanunvericiliyə əsasən, lisenziya almaq üçün girov vəsaitinin məbləği məntəqənin yerləşdiyi yerdən asılı olaraq dəyişir. Əgər məntəqə Bakıda fəaliyyət göstərəcəksə, o zaman 50 000 manat və 50 000 dollar girova ehtiyac olacaq. Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində valyuta dəyişmə məntəqələrinə sahib olmaq istəyənlər 25 000 manat və 25 000 dollar ödəməli olacaq. Digər bölgələrdə bu işi həyata keçirmək istəyənlər isə girov formasında 10 000 manat və 10 000 dollar ödəməlidirlər.

 

Xatırladaq ki, 2016-cı ilin əvvəlindən Mərkəzi Bank tərəfindən ölkədəki valyutadəyişmə məntəqələrinin lisenziyaları ləğv edilərək, fəaliyəti qadağan olunub. Valyutadəyişmə məntəqələrinin bağlanması dollar “qara bazarı”nın yenidən meydana çıxmasına səbəb olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir