bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Müsavatda nələr baş verir? – Arif Hacılının sürücüsü də…

750 oxunma | Tarix: | 2 ay öncə
Müsavatın IX qurultayı partiya daxilində ziddiyyətləri daha da kəskinləşdirib. Arif Hacılının başqanlığına qarşı olan müsavatçılar qurultaydan sonra partiya rəhbrəliyini daha sərt formada tənqid etməyə başlayıblar. Bu da səbəbsiz deyil. 

Məlumat üçün deyək ki, qurultayda Arif Hacılı 262 səslə növbəti dəfə partiyanın başqanı seçilib. Onun rəqibləri Tofiq Yaqublu və Yadigar Sadıqlı isə kifayət qədər nüfuz sahibi olmalarına rəğmən əhəmiyyətli dərəcədə az səs toplayıblar. 51 müsavatçı Tofiq Yaqublunu, 20 müsavatçı isə Yadigar Sadıqlını Müsavat başqanı görmək istəyib.

Siyasi şərhçilər hesab edir ki, Arif Hacılının rəqiblərini böyük fərqlə geridə qoyması Müsavatın keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin ona açıq dəstək verməsilə bağlı ola bilər.

İsa Qəmbər qurultaydan bir neçə gün əvvəl müsavatçıları Arif Hacılıya səs verməyə çağırmışdı. Bu çağırışın başqan seçkilərinə ciddi təsir göstərəcəyi gözlənilirdi. Hətta artıq seçkinin taleyinin həll olunduğunu iddia edənlər də var idi. Arif Hacılının rəqibləri də İsa Qəmbərin məlum çağırışından məyus olmuşdular. Namizədlər arasında keçirilən debat zamanı aydın şəkildə sezilirdi ki, Tofiq Yaqublu və Yadigar Sadıqlının qələbəyə inamı sarsılıb.

Qurultayda İsa Qəmbərin az qala Arif Hacılının vəkili kimi çıxış etməsi isə son nöqtə oldu. Arif Hacılının rəqibləri və onların tərəfdarları seçkini ədalətsiz hesab etsələr də, saxtakarlığın şahidi olmadıqlarınıl bildiriblər. Müsavat Partiyasına Məclis üzvlüyünə və Mərkəzi Nəzarət Təftiş Komissiyasına seçkilər isə narazı müsavatçıları daha qəzəbləndirib. Səbəb Tofiq Yaqublunun hətta Məclis üzvlüyünə seçilə bilməməsi və  MNTK-nın Arif Hacılının tərəfdarlarından təşkil olunmasıdır.

Narazılar hesab edir ki, Tofiq Yaqublu kimi nüfuzlu müsavatçının Məclis üzvlüyünə seçilə bilməməsi nonsesdir.  Bəzi iddialara görə, Yaqublunun Məclisə seçilməməsi Müsavat başqanının müavini təyin ediləcəyi ilə bağlıdır. Tofiq Yaqublu özü də mediaya açıqlamasında müavin olmaq istəyini gizlətməyib. Lakin Arif Hacılının həm də Milli Şura üzvü olan Tofiq Yaqublunu müavin təyin edəcəyi az inandırıcı görünür. Çünki bir il əvvəl Tofiq Yaqublu məhz Milli Şuranın üzvü olduğuna görə müavinlikdən çıxarılmışdı.

MNTK-ya gəlincə, hətta Arif Hacılının sürücüsü də Müsavatın ali nəzarət orqanında təmsil olunur.  Müsavatçı Alya Yaqublu bununla bağlı Facebook-da tənqidi paylaşım edib. Onun yazdıqlarını təqdim edirik: “İsa Qəmbərin və Arif Hacılının sürücülərini partiyanın ali nəzarət orqanına – Mərkəzi Nəzarət Təftiş Komissiyasına seçilmələri münasibətilə təbrik eləyirəm.

İsa Qəmbərin sürücüsü digərlərindən az səs aldığı üçün əsas heyətə düşməyib, hər hansı səbəbdən yer boşalsa, o yerə keçəcək.

Amma bu, məsələnin mahiyyətini dəyişmir – İsa Qəmbərin sürücüsünü də MNTK üzvü etmək istəyiblər: rəqibləri çıxdaş eləmək, partiyanın ali nəzarət orqanının tərkibini öz tərəfdarlarıdan təşkil etmək üçün. Əvvəlki tərkibdə rəhbərliyin göstərişlərinə əməl etməyib qanunsuz qərarların təsdiqinə etiraz eləyən bir-iki nəfər vardı, bu dəfə heç bir başağrısına yer qoymayıblar.

MNTK siyasi partiyanın ən vacib qurumlarında biri, hətta birincisidir. Partiyada qəbul edilən qərarlara qiymət vermək, onları təsdiq və ya ləğv etmək hüququ var. Məsələn, partiya üzvü haqsız şəkildə cəzalandırılanda və ya partiyadan çıxarılanda MNTK-ya müraciət edib haqqını bərpa eləyə bilər.

Müsavat MNTK-sının indiki tərkibi tamamən Arif Hacılı tərəfdarlarından ibarətdir. Zənnimcə, əlavə şərhə ehtiyac yoxdu”.

Siyasi şərhçilər hesab edir ki, Arif Hacılı yalnız onu sevənlərin başqanı olacaqsa, o zaman Müsavat Partiyasından ciddi qopmalar ola bilər. Hələlik Arif Hacılı onun idarəçiliyindən narazılıq edənlərlə dil tapa bilmir. Daha doğrusu, buna həvəsli görünmür…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir