bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

“Macarıstana qarşı ikinci hal yaşanmamalı idi” – Millimiz qəsdən uduzdurulub?

2359 oxunma | Tarix: | 2 ay öncə
 “Bu, artıq nüfuz, futbolu dərindən bilmək məqamlarıdır… Oyun idarəçilik baxımından çətin görüşlər sırasına daxil deyildi. Belə görüşlərdə bir epizod nəticəni həll edir. Gözlənildiyi kimi elə də oldu”. 

Bu sözləri açıqlamasında sabiq FİFA referi Tahir Süleymanov Avro-2020-nin seçmə mərhələsində Macarıstan – Azərbaycan (1:0) matçının son dəqiqələrində sayılmayan qolumuzla bağlı danışarkən deyib. O, qərarı Macarıstanın Slovakiya ilə oyunda üzləşdiyi haqsız durumun hakimlər briqadası üzərində yaratdığı psixoloji vəziyyətin nəticəsi olaraq qiymətləndirib:

“Görüş ilk dəqiqələrdən Macarıstanın tam üstünlüyü şəraitində keçirdi və qol da tez vurulmuşdu. Hakim müdaxiləsinə ehtiyac da yox idi. Əksinə, rəqib 2, 3-cü qolları da vura bilərdi, şansları yetərincə idi. Hakimlər Macarıstanı Slovakiya ilə ev oyununda açıq-aşkar uduzdurmuşdular.

Vəziyyət o həddə çatmışdı ki, etirazlar aşıb-daşırdı. Qarşılaşmadan sonra UEFA macarlara qarşı ciddi intizam sanksiyaları tətbiq etməyə məcbur oldu. Belədə növbəti ev oyunu təşkilatçılar tərəfindən tam nəzarətə götürülür, hakimlərə də oyunla bağlı psixoloji tövsiyyələr olunur. Haqsızlığa uğramış Macarıstana qarşı ikinci hal yaşanmamalı idi. Belə məqamlar hakimlər briqadası üzərində təzyiq yaradır.

Bir tərəfdə Avro-2020-yə iddialı, haqsızlığa uğramış yığma, digər tərəfdə heç bir şansı qalmayan milli. Matçdan öncə bunlar bilinirdi. Federasiya rəsmiləri görüşdən öncə müəyyən qabaqlayıcı tədbirlər görə bilərdi”.

Tanınmış futbol hakimi VAR (Video Köməkçi Hakim) sisteminin bu cür bəynəlxalq oyunlarda tətbiq olunmaması məsələsinə də münasibət bildirtib:

“Qarşılaşma əsas oyunlar cərgəsinə aid deyil, UEFA üçün sıradan bir görüş idi. VAR sistemi yenidir, tədricən tətbiq edilir. Qolun vurulduğu epizodda VAR-a ehtiyac da yox idi. İdarəçilik olaraq çox sadə epizod idi. Baş hakimin mövqeyi, önünü futbolçular kəsə bilərdi, köməkçi isə Bəhlul Mustafazadəni, top, bədən, əl-qol hərəkətlərini dəqiq görürdü. Görməməsi mümkün deyildi. Hakimliyin öz incəlikləri var.

Duran topdan cərimə meydanına ötürmə edilir və epizodun davamı gəlir. Əks-hücum, sürətli oyun deyil ki, hakimi nəsə yanılda bilsin. Eyni zamanda qapı meydanında futbolçu təkdir, qarışıqlıq, mübarizə yoxdur, top da sürətli istiqamətini dəyişmir. Futbolçunun da arxası köməkçiyə yox, qapı istiqamətinədir.

Yəni, xətt üzərində olan hakim topun vurulma anını tam aydın, dəqiqliklə görür, səhv etməsi üçün belə şansı yoxdur. Amma “səhv” edir… “Hakim də insandır, səhv edir” nəzəriyyəsi adıyla “kompensasiya”dır”.

T.Süleymanov VAR sistemindən istifadə olunmayan beynəlxalq oyunlarda qapı arxasında duran köməkçi hakimə ehtiyyac olub-olmaması barədə də danışıb: “O mərhələ artıq geridə qalıb və özünü doğrultmayıb. Əsas hakimlərin peşəkar status daşımamaları, heç bir hüquqlarının rəsmi olaraq olmamasıdır. Futbolda yeganə sahə hakimlikdir ki, peşəkarlar arasında həvəskardırlar. Ona görə Avropa, dünya futbolunda təsadüflərin hakimliyə gəlməsi kütləvi haldır.

Futbol ruhunu bilməyənlər, heç bir müstəqilliyi olmayan bəzilərinin “alətə” çevrilməsi yenilik deyil. Hətta VAR sistemində belə elə epizodlar yaşanır ki, qəti, obyektiv qərar verməkdə referilər aciz qalırlar”. /Yeni Sabah/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir