İzabel Santos: “Tofiq Yaqublunun həbsi yanlış addımdır”

18:29 - 09 Sentyabr
    2850 oxunma


"Bu, hakimiyyət bölgüsü prinsipinin pozulmasıdır”

Avropa Parlamentinin portuqaliyalı üzvü, dünyada insan hüquqları üzrə məruzəçi İzabel Santos Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun barəsində hökmü pisləyib. İzabel Santos bu barədə "Amerikanın səsi” radiosuna danışıb.

İzabel Santos Tofiq Yaqublunun 4.3 il azadlıqdan məhrum edilməsini Azərbaycan hakimiyyətinin yanlış addımı adlandırıb. Onun sözlərinə görə, məhkəmənin sentyabrın 3-də çıxardığı hökm Tofiq Yaqublunun qeyri-legitim həbsə və istintaqa əsasən çıxarıldığına dair şübhələri artırıb: "Məhkəmədə Tofiq Yaqubluya son söz verməkdən imtina edilməsi onun qanuni hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu, Tofiq Yaqubluya qarşı işin siyasi motivli olmasının göstəricisidir. Bu, qanunun aliliyinə açıq şəkildə məhəl qoyulmaması və hakimiyyət bölgüsü prinsipinin pozulmasıdır”.

"Beynəlxalq birlik Azərbaycan hakimiyyətinə açıq şəkildə bildirməlidir ki, ölkənin öz öhdəliklərinə bu şəkildə məhəl qoymamasına və müxalif səslərin boğulmasına dözməyəcək”, - deyə İzabel Santos fikrini tamamlayıb.

T.Yaqublu martın 22-dən həbsdədir. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində onun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. T.Yaqublu CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə təqsirli bilinib. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.

T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O bildirib ki, "8-ci kilometr bazarı”nın qarşısında park olunmuş maşınında əyləşib bazardan qayıdacaq həyat yoldaşını gözlədiyi vaxt maşını qəsdən vurulub. Daha sonra maşını vuran sürücü Elxan Cəbrayılov və yanında olan Cəvahir Cəbrayılova ona hücum edib. Həmin vaxt anlayıb ki, bu təxribatdır.

T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi. Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb. Tofiq Yaqublu həbsinə etiraz olaraq 8 gündür aclıq aksiyası keçirdir. 

"Human Rights Watch", "Amnesty International" təşkilatları, ABŞ-ın, Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri Tofiq Yaqublunun dərhal azad edilməsi ilə bağlı bəyanat yayıblar.

Bizimxeber.az

Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84