bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

“Köhnə metodlarla aparılır”

683 oxunma | Tarix: | 3 il öncə

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxışı zamanı ölkədə işsizlik səviyyəsinin 5 faizə qədər endiyini və əhalinin gəlirlərinin 8 dəfə artdığını bildirib.

Bunu “Qaynarinfo”ya şərh edən iqtisadçı ekspert Vüqar Bayramov rəsmi statistikanın köhnə metodlara əsasən aparıldığını və daha dəqiq statistika üçün yeni metodun tətbiqinə ehtiyac olduğunu bildirib:

“Düşünürəm ki, işsizlik səviyyəsinin qiymətləndirilməsi zamanı əsasən işsizliklə bağlı müraciət edənlərin sayı əsas götürülür. Bizim apardığımız monitorinqlər zamanı aydın olub ki, reallıqda heç də bütün işsizlər işsizlik müavinəti almaq üçün müraciət etmir. Bunun üçün vətəndaşın əvvəlcədən hansısa bir müəssisədə işləməsi və işdən çıxması ilə bağlı arayış alması lazımdır ki, bu baxımdan əksər işsizlərin müraciət etmək üçün belə bir imkanı olmur. Buna görə də, bu statistikanın daha məqsədəuyğun şəkildə aparılması üçün təkcə işsizlik üçün müraciət edənlərin deyil, eyni zamanda iş yerini itirmiş və əvvəlki dövrlərdə də işləməyən vətəndaşların da statistikası nəzərə alınmalıdır. Əgər biz həm bölgələrdə, həm də paytaxtda, xüsusilə də neftin qiymətinin aşağı düşdüyü bir vaxtda işsizlik səviyyəsini müəyyənləşdirməyə çalışsaq, bunun rəsmi statistika ilə müqayisədə daha yüksək olduğu ortaya çıxacaq. Bu baxımdan rəsmi statistika reallığı tam əks etdirmir. Düşünürəm ki, buna görə statistikanın müəyyənləşdirilməsində yeni bir metodun tətbiqinə ehtiyac var. Çünki, bu, məşğulluq siyasətinin real göstəriciləri üçün də çox vacib amildir”.

Gəlirlərin artması məsələsinə də toxunan ekspert artımın hansı müddətdə qeydə alındığını dəqiq hesablamaq üçün texniki imkanların olmadığını, lakin müşahidələr zamanı ümumilikdə artımın olduğunu qeyd edib:

“Sözsüz ki, artım var. Bunu danmaq olmaz. Lakin, gəlirlərin hansı müddətdə artdığını da hesablamaq vacibdir. Hazırda istər alternativ, istərsə də rəsmi statistikada bunu müəyyənləşdirmək üçün texniki imkanlar yoxdur. Amma müşahidələr göstərir ki, müstəqillik illərinin tendensiyalarına nəzər salanda, xüsusilə də 2000-ci ildən etibarən neft ixracının artmasından sonra ölkəyə daxil olan gəlirlərin məbləğində artım var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir