Loading...

Hindistanlı biznesmen Asiyanın ən varlı adamına necə çevrildi?

25370 oxunma | Tarix: | 3 həftə öncə

“Google” və “Amazon”la döyüşən hind “fili”

Əgər 20-ci əsrdə Hindistanın ən məşhur siması Mahatma Qandi idisə, bir əsr sonra bu statusu Mukeş Ambani qazanmış oldu. Ambani Hindistanın və Asiyanın ən zəngin adamıdır. Son bir ildə varidatı təxminən 40 faiz arataraq 61 milyard dollara çatıb. Ambaninin sərvətinə sərvət qatan ona məxsus “Reliance Industries Limited” (neft hasilatı və telekom sahəsində ixtisaslaşıb) şirkətinin səhmlərinin bahalaşmasıdır.
Dostları Ambanini Hindistanın simasını dəyişmək və ölkə üçün ən yaxşısını etmək istəyən biri kimi xarakterizə edirlər. “Bu gün hər şey rəqəmsallaşır. Ölkəmiz tərəqqidən geri qalmamalıdır”, – Ambani hər zaman deyir.
Mukeş Ambani milyardlarla dollar xərcləyərək Hindistanı ilk dəfə 4G ilə təmin edib. İndi o, “Google”, “Amazon”, “Netflix” və “Walmart” kimi nəhənglərlə rəqabət aparır.
Görək, Mukeş Ambani kimdir və onu qitənin ən varlısına çevirən bu fantastik sərvət necə əldə olunub?
Hindistanlı biznesmen Asiyanın ən varlı adamına necə çevrildi?
XƏYALLAR GERÇƏK OLDU
Mukeşin atası Dhirubay Ambani 16 yaşında iş üçün Yəmənə gedib. Ölkəsinə qayıdan kimi öz işini açıb, bir müddət ədviyyat və parça satışı ilə məşğul olub. Müəyyən vaxtdan sonra da özünün toxuculuq müəssisəsini qurub. 2002-ci ildə dünyasını dəyişəndə onun biznes imperiyası oğlanları Mukeş və Anilə miras qalıb.
Ata Ambaninin sağkən ən böyük arzusu Hindistan əhalisini ucuz başa gələn, hamının istifadə edə biləcəyi mobil rabitə ilə təmin etmək idi. Böyük oğlu onun xəyalını gerçəkləşdirməyə qərar verir. Və CDMA (GSM kimi, abunəçi siqnallarını mövcud tezliklərə bölür) standartı ilə işləyən “Reliance Infocomm” (RComm) telekommunikasiya şirkətini təsis edir.
Ciddi qiymət endirimləri və yeni məzmun xidmətlərinin tətbiqi sayəsində RComm sürətlə Hindistanın mobil operatorlarının ilk üçlüyünə daxil olur. Lakin tezliklə qardaşlar arasında münaqişə yaranır. Vəziyyət o həddə çatır ki, Mukeş konkret seçim etməli olur. O, özünə ya mobil operatoru, ya da neft emalı zavodunu saxlamalı idi. Nəhayət, ölçüb-biçir və qardaşına RComm-u verir.
Hindistanlı biznesmen Asiyanın ən varlı adamına necə çevrildi?
HİNDİSTAN ABŞ-ı NECƏ GERİDƏ QOYDU?
Lakin M.Ambani telekommunikasiya sənayesinə yenidən qayıtmaq qərarına gəlir. Onun ambisiyaları çox böyük olur. İş adamı Hindistan xalqının sürətli internetə ucuz tariflərlə çıxışını təmin etmək istəyirdi. Baxmayaraq ki, o zaman ölkənin mobil internetlə əhatə dairəsi 20 faizi keçmirdi. Hindistanın on sakinindən yalnız birində adi cib telefonu (düyməli) vardı.
Ambani tərəfindən qurulan “Jio” şirkəti bütün rəqəmsal xidmətlər üçün platforma olmalı idi. Buna görə də o, səsli zəngləri pulsuz etdi və mobil internet-trafikin sadə insanlara əlçatan olmasına kökləndi.
Mukeş 6 il telekoma milyardlarla dollar sərmayə qoydu. Baxmayaraq ki, mütəxəssislər bu sahənin heç bir perspektivinin olmadığını deyirdilər.
Hindistanlı biznesmen Asiyanın ən varlı adamına necə çevrildi?
O illərdə ən böyük telekommunikasiya operatorları Hindistanda üçüncü nəsil şəbəkələrini inkişaf etdirdilər. İstifadəçilər mobil xidmətlər və səsli zənglər üçün ayda 2 dollardan çox pul ödəməyə hazır deyildi. Əksəriyyət də səsli zənglərdən istifadə edirdi.
Lakin 4G texnologiyaları artıq təqdim olunurdu. Mukeş Ambani rəqiblərini ötməyə qərar vermişdi. 18 min şəhəri, 200 min kəndi, həmçinin hələ də elektrik enerjisi olmayan yerləri əhatə edəcək bir şəbəkə qurmağa başladı. Bunun üçün 200 min mobil rabitə qülləsi qurmaq və 150 min millik fiber optik kabel çəkdirmək lazım idi. Mukeş bütün bunları necə edəcəyini başa düşmüşdü.
“Jio” sadə və ucuz qüllələrin istehsalına başladı. Onların ölçüləri daha kiçik idi, çox böyük gücə və diapazona malik deyildilər. Lakin tez bir zamanda quraşdırılırdı, çox enerji istehlak etmirdilər və istismarı baha başa gəlmirdi.
Altı ay ərzində “Jio” ölkəni 45 min qüllə ilə təchiz etdi. Artıq əhalinin 99 faizi 4G internetlə təmin olunmuşdu.
Hindistanlı biznesmen Asiyanın ən varlı adamına necə çevrildi?
YOLA GETMƏYƏN QARDAŞLAR
Elə birinci il abunəçilərin sayı 150 milyon nəfər artdı. Analitiklər hesablamışdılar: bu operatorun işlədiyi ilk ildə Hindistan “Google Play”dən yüklənmiş tətbiqlərin sayına görə ABŞ-ı üstələmişdi. Şirkət dünyanın hər hansı digər telekom operatorundan daha çox məlumat emal edə bilmişdi.
“Jio” istifadəyə veriləndən sonra iki il ərzində Hindistanda bir istehlakçının payına düşən internet-trafik 570 faiz artmışdı.
Təbii ki, rəqiblər tariflərini endirməli olmuşdular. Əvvəllər 1 GB trafik üçün 3 dollar tələb olunurdusa, indi qiymət 60 qəpiyə endirilmişdi. Kiçik rabitə şirkətləri ümumiyyətlə, fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalmışdılar. Bazarın liderləri isə mövcudluqlarını qorumaq üçün birləşməyə məcbur olmuşdu.
Maraqlıdır ki, Mukeşin bu addımlarından zərərçəkənlərdən biri də öz qardaşı Anil oldu. Anil şirkətini bağladı, mobil rabitə biznesini tərk etdi…
Ataları dünyasını dəyişəndən sonra qardaşlar arasında münaqişə heç cür səngirmirdi. Onlar daim çəkişir, mətbuat səhifələrində bir-birlərinə ittihamlar səsləndirirdilər.
Hindistanlı biznesmen Asiyanın ən varlı adamına necə çevrildi?
Yaxın ətrafının dediyinə görə, Mukeş hər şeyi öz nəzarətində saxlamağı sevir. Elə buna görə də o, qardaşının səlahiyyətlərini əlindən almağa və şirkətdə əsas söz sahibi olmağa çalışıb.
Atası sağ olanda Anil şirkətin xəzinədarı idi və sərmayələrə nəzarət edirdi. Lakin Mukeşin rəhbərlik etdiyi Direktorlar Şurası Anili bu səlahiyyətdən məhrum etdi. 2004-cü ildə bütün maliyyə işlərinə nəzarət Mukeşə həvalə olundu. Qardaşının bu hərəkəti Anili möhkəm sarsıtmışdı və o, mətbuatda etiraz bəyanatı ilə çıxış etmişdi.
İki il ərzində “Jio” abunəçilərinin sayı 250 milyona çatdı. Bir çox abunəçi rəqib operatorlardan imtina edərək “Jio”ya keçid etdi. Mukeş Ambani həm danışıq dəqiqələri, həm də internetlə bağlı daha sərfəli şərtlər təklif edirdi.
2017-ci ildə M.Ambani Hindistanın smartfon bazarında “Samsung”u qabaqlamağa kömək edən layihəyə imza atdı. “Jio” 4G şəbəkələrində işləyən smartfon yaratdı.
Ambaninin biznes imperiyası çiçəklənirdi. Bunun başlıca səbəbi iş adamının daim yenilik axtarışında olması idi. Məsələn, Hindistan dəmir yollarında və magistral yollarda insanları mobil rabitə ilə yalnız “Jio” təmin edirdi.
Mukeş Ambaninin şirkəti öz internet xidmətlərini inkişaf etdirən ilk operator oldu. Hazırda “Jio” abunəçilərinin 75 faizi yayımları operator tərəfindən hazırlanmış bir tətbiq vasitəsilə izləyir.
Mukeş Ambani süni intellektə keçid etməyə, 6 G-nin tətbiqinə hazırlaşır. Hindistanın ən yaxşı proqramçıları bu şirkətdə çalışır. Şirkət süni intellektin alqoritmlərindən istifadə edərək rentgen və MRT çəkilişlərini də inkişaf etdirir.
Hindistanlı biznesmen Asiyanın ən varlı adamına necə çevrildi?
MİLYARDLIQ EV, KLİNTON VƏ BEYONS…
İş adamı və ailəsi dünyanın ən hündür və ən bahalı evi olan “Antiliya” (Atlantik okeandakı mifik adanın şərəfinə belə adlanır) malikanəsində yaşayır.
Mumbay şəhərində yerləşən malikanə Çikaqonun “PerkinsWill” şirkətinin layihəsi əsasında tikilib. Hündürlüyü 173 metr, ümumi sahəsi 37 min kavadratmetrdir. İçərisində cəmi 6 nəfər yaşasa da, binaya 600 nəfərlik personal xidmət göstərir.
İlk 6 mərtəbə 168 avtomobil üçün nəzərdə tutulan dayanacaqdır. Bundan başqa, binada avtoservis, bir neçə hovuz, spa, kiçik teatr, fitnes salonu, kinoteatr zalı, asma bağ və nəzarət otağı var.
Binanın ideya müəllifi Mukeşin həyat yoldaşı Nita Ambanidir. Layihəyə görə, hər mərtəbənin öz təyinatı var. Mərtəbələr arasındakı hərəkət 9 liftdən istifadə edilməklə həyata keçirilir. Evin Lego kublarına bənzəyən qeyri-adi dizaynına baxmayaraq, bina Rixter cədvəli ilə 8 bal gücündə zəlzələyə tab gətirə bilir.
Mukeşin xanımı Nita ölkəsində sosial problemlərin həllinə, xəstə uşaqların müalicəsinə yaxından dəstək verir, xeyriyyəçilik fəaliyyəti ilə tanınır.
Mukeş ailəsi dəbdəbəni və lüks həyatı çox sevir. 2018-ci ilin dekabrında iş adamı qızı İşaya toy edəndə mərasimə ABŞ-ın nüfuzlu siyasətçisi Hillari Klintondan tutmuş, dünya ulduzu Beyonsa qədər bir çox məşhurlar qatılmışdı. İşanın toyu eyni anda iki dəbdəbəli məkanda – “Tac Lake Palace”da və Mumbaydakı rezidensiyada keçirilmişdi.
Mətbuat tez-tez Ambanini dəbdəbə və təmtərağa meyilli olmaqda ittiham edir. Lakin bir məqamı unutmaq olmaz ki, əhalisinin sayına görə dünyanın ikinci ən böyük ölkəsi olan Hindistanı ucuz və sürətli internetlə məhz Ambani təmin edib. 62 yaşlı iş adamının elə təkcə bu tarixi xidməti həmin iradları kölgədə qoymağa kifayət edir…
Loading...

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir