bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Bakıda iş adamının arvadı onu izləyən polis əməkdaşını döyüb

610 oxunma | Tarix: | 3 il öncə

Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı Barat Abdullayevin dələduzluqda, saxta sənəd düzəltməkdə və polisə müqavimət göstərməkdə ittiham olunan həyat yoldaşı Təyminə Abdullayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, hakim Ramella Allaheverdiyevanın sədrlik etdiyi prosesdə zərərçəkmiş qismində Nərimanov rayonunun 17-ci Polis Bölməsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşı Oktay Məmmədov ifadə verib.

Zərərçəkmiş istintaqa verdiyi ifadəsini təsdiq edib. 9 ildir polis orqanlarında çalışdığını, hadisə baş verən gün iş yoldaşı Orxan Babayevlə birlikdə barəsində məcburi gətirilmə ilə bağlı qərar olan Təyminə Abdullayevanın yaşadığı ünvana yollandıqlarını bildirib. Zərərçəkmişin ifadəsinə görə, T.Abdullayevaya polis bölməsinə getməyi təklif etdikdə qadın qanunun tələblərinə məhəl qoymayıb, polis əməkdaşlarına müqavimət göstərib. O.Məmmədov həmin vaxt ayağından xəsarət aldığını deyib.

“Təyminə xanıma yaxınlaşıb özümü təqdim etdim, vəsiqəmi göstərdim. O isə bizimlə getməyəcəyini deyib, nalayiq ifadələr işlətdi. İşi aparan müstəntiq barədə də təhqiramiz sözlər dedi. Qolundan tutub maşına əyləşdirmək istəyəndə müqavimət göstərdi. Təyminə xanımın yanında olan iki qohumu da müqavimət göstərirdilər. Qollarımı, köynəyimi cırıq-cırıq eləyirdi ki, sizinlə getmirəm. Avtomobilə oturtmaq istəyəndə məni itələdi, ayağımdan xəsarət aldım. Hələ də axsayıram. Ertəsi gün ekspertizadan keçdim. Sonra isə şikayət etdim”, – zərərçəkmiş polis əməkdaşı deyib.

T.Abdullayevanın vəkili Janna Bağırova zərərçəkmişdən məcburi gətirilmə ilə bağlı qərarın kim tərəfindən verildiyini soruşub: “İki nəfər polis əməkdaşı səhər tezdən axşama qədər xidməti avtomobilinizdə Təyminə Abdullayevanı müşahidə etmisiniz. Niyə gedib qapısını döymürdünüz? Bəlkə elə evdə idi. Məhkəmənin qərarı olmadan hansısa şəxsi müşahidə etmək olarmı?”

O.Məmmədov qərarın polis rəisi tərəfindən verildiyini bildirib.

Hakim R.Allahverdiyeva da zərərçəkmişdən hansı səbəbdən T.Abdullayevanın evinə getmədiklərini xəbər alıb: “Bu hərəkət mənə qəribə gəlir. Oturub saatlarla gözləmisiniz. Sizin işiniz bundan ibarətdir? Niyə əlinizdəki qərarı icra etməmisiniz?”

Zərərçəkmiş isə cavabında polis əməkdaşlarının, hətta müstəntiqin də dəfələrlə T.Abdullayevanın yaşadığı mənzilə getdiklərini deyib: “Təyminə Abdullayeva heç kimə qapı açmırdı, hamını söyürdü ki, çıxın gedin. Bizi də görən kimi dərhal girişə doğru getdi. Bilirdim ki, içəri keçsə, qapını açmayacaq”.

Vəkil Janna Bağırova hadisə zamanı T.Abdullayevanın bacısı Rənanın xəsarət aldığını məhkəmənin diqqətinə çatdırıb. Zərərçəkmişdən adı çəkilən qadına kim tərəfindən xəsarət yetirildiyini soruşub. Polis əməkdaşı T.Abdullayevanın bacısının özünün özünə xəsarət yetirdiyini deyib.

Məhkəmə prosesi mayın 31-də davam edəcək. Növbəti prosesdə iş adamı Barat Abdullayev ifadə verəcək.

Qeyd edək ki, Barat Abdullayev şikayətində bildirib ki, arvadı birgə nikahdan olan yaşayış sahəsini satıb, pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb. Yeni şəxsiyyət vəsiqəsində ailəli yox, subay olduğunu yazdırıb. Həmin sənəddən istifadə edərək, qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirərək, ona 890 min manat məbləğində ziyan vurub.

Onu da bildirək ki, Barat Abdullayevin özəl biznesi var. Onun Bakıda oteli, ticarət obyektləri olduğu bildirilir. Barat Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir