Zurabişviliyə də hava limanında yumurta atıldı - FOTO

Fevralın 18-də Almaniyadan qayıdan Salome Zurabişviliyə Tbilisi beynəlxalq hava limanında yumurta atılıb.

Bizimxeber.az “Azadlıq” radiosuna istinadən bildirir ki, hadisənin görüntülərini hökumətyönlü “Postiv” telekanalının əməkdaşı Natia Beridze yayıb.

O bir gün əvvəl Zurabişviliyə açıq şəkildə yazıb: “Gələn zaman yağış paltarı geyin, əks halda yumurta qoxusu sonradan sizi uzun müddət narahat edəcək”.

Kadrlarda Salome Zurabişvilinin hava limanında təhqir edildiyi eşidilir: “Sən QHT-lərin qulusan?”, “Agentsən?”, “Xəyanətə genetik meylin var?”, “Sənə nağd pul gətirmirlər?”.

Əvvəlcə hava limanında ən azı iki qadın ona təhqiramiz sözlərlə müraciət edir və o, bayır perimetrə gedəndən sonra kişilər işə qarışır. Salome Zurabişvili maşınına minməzdən bir neçə saniyə əvvəl yumurta atılır, təhqir edilir və söyülür. Bir neçə yumurta onun şəxsi mühafizəçilərinə dəyib.