Zelenskidən Hollandiyanın baş nazirinə sərt sözlər - "Ukrayna Aİ-yə hazır deyilsə..."

Ukrayna prezidenti Vladimir Zelenski Hollandiyanın baş naziri Mark Rutte ilə Ukraynanın Aİ-yə üzvlük məsələsində fikir ayrılıqlarının olduğunu bildirib. 

Bizimxeber.az bildirir ki, o, bu barədə "Nieuwsuur"a müsahibəsində danışıb  .

Söhbət zamanı jurnalist qeyd edib ki, bir neçə həftə əvvəl Mark Rutte Ukrayna parlamentində çıxış edərək Ukraynanı Avropa ailəsinin bir hissəsi adlandırıb, lakin Ukraynanın Aİ-yə üzvlüyü barədə heç nə deməyib.

Zelenski isə suala cavabında bildirib ki, o bu barədə Hollandiyanın baş naziri ilə danışıb. 

"Mən Markla səmimi idim. Ona belə bir söz dedim: "Çıxışınıza görə təşəkkür edirəm. Siz bizə həqiqətən kömək edirsiniz və buna görə çox minnətdaram. Ancaq Aİ-yə gəldikdə, siz bizim sadəcə eşitmək istədiyimiz hər şey haqqında susdunuz. Mən ona çox açıq dedim: Əgər AB-də yerimiz olmadığını düşünürsənsə, o zaman bunu açıq deməlisən”, - Zelenski bildirib.

Onun sözlərinə görə, Rutte cavab verib ki, Aİ-də Ukrayna üçün yer var, “amma bundan sonra müəyyən addımlar atılmalıdır”.

Prezidentin sözlərinə görə, Ukrayna Aİ üzvlüyünə namizəd statusuna hazırdır və lazımi islahatların aparılmasının zəruri olduğunu başa düşür. Korrupsiya problemlərini şərh edən Zelenski vurğulayıb ki, bu, bir çox Aİ ölkələrində mövcuddur.

"Bəli, problemlər var. Sizin bir çox ölkələrdə belə problemlər var. Sizdə də, bir çox Aİ ölkələrində də korrupsia problemləri var. Hələ də ehtiyacımız olan və həyata keçirmək istədiyimiz islahatlar var. Biz bunları həyata keçirmək istəyirik. Amma bunun üçün vaxt lazımdır... Sabah da Aİ-nin üzvü olmayacağıq. Biz üzvlüyə namizəd olmaq istərdik”, - prezident bildirib.

Onun sözlərinə görə, namizəd statusu ilə Ukrayna Rusiyaya qarşı mübarizədə onu daha da gücləndirəcək silahdır. 

Zelenski qeyd edib ki, Hollandiya əhalisinin 62%-i Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyir. Ona görə də o hesab edir ki, siyasətçilər də üzvlüyə dəstək verməlidirlər, çünki onları xalq seçir.

Qeyd edək ki, bir neçə gün əvvəl Rutte bildirib ki, Ukraynanın yaxın gələcəkdə Avropa İttifaqına üzvlüyə namizəd olması ehtimalı aşağıdır. Onun sözlərinə görə, Aİ ölkələrinin çoxu bu ideyanı bəyənmir. Bu, namizəd statusunu daha çox gözləyən Qərbi Balkan ölkələrinə də haqsızlıq olardı.