Parisdə Ukrayna prezidenti Vladimir Zelenski ilə Gürcüstan prezidenti Salome Zurabişvili arasında görüş olub.
Bizimxeber.az bildirir ki, bu barədə Zurabişvili X (Twitter) səhifəsində məlumat verib.
O, gürcü xalqının dəstəyinə görə Zelenskiyə təşəkkür edib: “Prezident Zelenski, gürcü xalqına göstərdiyiniz sarsılmaz dəstəyə görə təşəkkür edirəm. Xalqlarımızın müstəqillik, azadlıq və Avropa gələcəyi uğrunda mübarizəsi qalib gələcək, başqa alternativ yoxdur”, - Zurabişvili yazıb.
Xatırladaq ki, dekabrın 5-də Ukrayna prezidenti Vladimir Zelenski “Gürcüstanı Putinə təslim etdiyinə görə” Gürcüstan hökumətinin ümumilikdə 19 nümayəndəsinə qarşı sanksiyalar haqqında fərman imzalayıb.
Siyahıya ölkənin ən yüksək vəzifəli şəxsləri - baş nazir Kobaxidze və hakim partiyanın faktiki lideri, oliqarx Bidzina İvanişvili daxildir.
Bundan əvvəl Baltikyanı ölkələr etirazların dağıdılmasında iştirak edən Gürcüstan rəsmilərinə qarşı sanksiyalar elan etmişdilər. Litva prezidenti Aİ səviyyəsində belə bir addım atmağa, Hollandiya isə Gürcüstan üçün vizasız rejimin dayandırılmasına çağırıb.