Zakir Həsənov Şuşa əməliyyatından danışdı - Video

Müdafiə naziri Zakir Həsənov Şuşa əməliyyatından danışıb. 

Bizimxeber.az xəbər verir ki, “REAL TV”yə danışan Z.Həsənov əməliyyatın indiyədək məxfi olduğunu bildirib: “Hər şeyi danışa bilməyəcəm. Çünki əməliyyat indiyə kimi məxfidir. Ancaq bir neçə məsələlərə toxunmaq istəyirəm. Cənab Prezident Şuşa əməliyyatının təşkilində bir neçə ciddi tapşırıqlar vermişdi və o tapşırıqların birini demək istəyirəm.

Cənab Prezident xüsusi ilə tapşırdı ki, əməliyyatın planlaşdırılmasında və həyata keçirilməsində nəzərə almaq lazımdır ki, Şuşa bizim mədəniyyət mərkəzimizdir. Yəni burada bizim bir neçə çətinliyimiz var idi. Bu ondan ibarət idi ki, birinci biz artilleriyadan güclü istifadə edə bilməyəcəkdik.

Düzdür, biz Şuşa ətrafında olan Ermənistan qoşunlarını artilleriyadan darmadağın etdik və onlar həm canlı qüvvə, həm də texnika baxımdan çox böyük itki verdilər. Biz doğma şəhərimizi artilleriyadan vurmurduq və bu da bizə əməliyyatı keçirməkdə çətinliklər yaradırdı. Xatırlayırsızsa, həmin ərəfədə havalar da buludlu olurdu, ona görə də biz Şuşa əməliyyatı vaxtı pilotsuz uçuş aparatlarından da istifadə edə bilmədik. Kəşfiyyatın da aparılmasında da çətinliklər var idi və təyyarələrimizdən, helikopterlərimizdən də istifadə etmədik".

Şuşa əməliyyatı deyəndə bir Şuşanın özünə daxil deyildi. Əvvəl ətraf söhbəti olmalı idi, daha sonra isə Şuşa. Biz artilleriyadan və aviasiyadan ətrafı necə lazımdırsa, işlədik.

Bununla yanaşı, xüsusi qeyd etmək istəyirəm ki, Şuşa əməliyyatında  bütün qoşun növlərinin yüksək peşəkarlığının şahidi oldum. İlk növbədə bildirim ki, indi mətbuatda onların adları çəkilmir, onlar da istəyər adları çəkilsin, bizim istehkam-mühəndis qoşunları qısa bir müddətdə inanılmaz bir iş gördülər və qəhrəmanlıq göstərdilər - yol çəkdilər. 

Bu yol ermənilər üçün bir şok oldu.  Onlar bizim Şuşaya əsas hücum istiqamətimizi ayrı yerdən gözləyirdilər və güclərini ayrı yerdə cəmləşdirmişdilər. Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri qisa bir müddətdə yol çəkdilər.

Qəhrəman topçularımızdan danışmaq istəyirəm. Türkiyənin milli müdafiə naziri keçmiş kadrlara baxır və deyir: “Zakir Paşa, bu tapança kimi atəş açır”. Yəni, top 60-30 kilometrdən dəqiqliklə vurur.

Kəşfiyyat birlikləri, həmlə birlikləri və təbii ki, bizim elitar qoşunlarımız olan xüsusi təyinatlılar Şuşada əməliyyat keçirmişdilər”.