Ermənistan hakimiyyəti rifah sisteminin azaldılması və əmək fəaliyyətinin təşviq edilməsi ilə yoxsulluğun aradan qaldırılmasının mümkün olduğunu həfəd olaraq ortaya qoyub.
Bizimxeber.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Martın 17-dən qüvvəyə minəcək yeni sosial dəstək sisteminin tətbiqi bu yanaşmanın həyata keçirilməsi istiqamətində ilk addım olacaq.
Yeni sistemə əsasən, aztəminatlı ailələrin üzvləri üçün müavinətlərin məbləği minimum ərzaq səbətinin dəyərinə bərabər olacaq. Təxminən 90 dollar. Bununla belə, işləməyən əmək qabiliyyətli vətəndaşlar üçün əlavə tədbirlər nəzərdə tutulub. Altı ay ərzində onlara vakansiyalar və ya peşə hazırlığı üçün imkanlar təklif olunacaq. Əgər onlar işlə təmin olunmağa razı olsalar, daha bir il müavinətlər ödəniləcək. Əks halda, dövlət belə vətəndaşların fiziki mövcudluğu üçün kifayət qədər başqa gəlir mənbələrinin olduğunu güman edərək ödənişləri dayandıracaq.
Uşaqları məktəbə getməyən ailələr də müavinətlərdən məhrum olacaqlar. Bu qərar hökumətin mövqeyini əks etdirir ki, yoxsulluğun öhdəsindən işləyən vətəndaşlardan alınan vergilər hesabına deyil, iş hesabına nail olmaq lazımdır.
Xatırladaq ki, Ermənistan Statistika Komitəsinin 2023-cü il üçün məlumatına görə, ölkə əhalisinin 23,7%-i yoxsulluq həddində yaşayır, onlardan 1,1%-i ifrat yoxsulluq həddindədir.
Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin məlumatına görə, 2021-ci ildə ölkədə 93 min aztəminatlı ailə var idisə, 2024-cü ilin iyun ayına qədər onların sayı 65 minə qədər azalıb.