Yevlax şəhər İcra başçısından yəhudi vətəndaşların– ŞİKAYƏTİ

“Yəhudilərlə Azərbaycanlılar arasında əlaqələr hər zaman- tariximizin bütün dövrlərində çox yaxşı olub və yəhudilər əsrlərdir ki, Azərbaycanda yaşayırlar. Bura onların evidir, onlar burada özlərini evlərindəki kimi hiss edirlər və ölkəmizi gücləndirmək üçün çox işlər görürlər”.

Bizimxeber.az xəbər verir ki, bu fikirlər Cənab Prezident İlham Əliyevin İsrailin keçmiş Baş naziri ilə bir neçə il əvvəlki görüşdə işlətdiyi ifadələrdir. Dövlət başçısının fikirləri bu gün daha da faydalı, geniş şaxəli əməkdaşlıq sahəsində öz müsbət nəticəsini verməkdədir.

Lakin Azərbaycan-İsrail arasında dostluq və tarixi köklərdən gələn qardaşlıq bağlarının daha da inkişaf etdirildiyi günlərdə ölkədə yəhudi sahibkarlara qarşı qərəzli mövqe sərgilənməsi heç də ürəkaçan deyil.

Azərbaycan yəhudilərinin tək media mərkəzi olaraq bizi bu fikrə gətirən səbəb son günlərdə Yevlax şəhər sakinləri olan yəhudi sahibkarlardan mediamıza şikayət ərizələrinin daxil olmasıdır.

Yəhudi sahibkarların qeyd etdiklərinə əsasən, illərdir Yevlax şəhərində sahibkarlıqla məşğul olmalarına baxmayaraq, artıq onların fəaliyyətinə icazə verilmir. Səbəb soruşulanda isə onlara bunun İcra başçısının göstərişi olduğu bildirilir.

Yəhudi sahibkarlar bildirir ki, məsələ ilə bağlı aidiyyatı qurumlara da müraciətlər olunub. Həqiqətən Yevlax Şəhər icra başçısı tərəfindən belə bir əmrin verilib-verilmədiyi məsələsi qaranlıq qalsa da, Azərbaycanın yəhudi vətəndaşlarına qarşı belə bir xoşagəlməz hərəkətin edilməsinə reaksiyasız qala bilməzdik.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…