Azərbaycanda bölgələrdə idmançılara qarşı münasibət getdikcə pisləşir. Bu vəziyyət regionlarda, xüsusilə idman məktəblərində, Cəmiyyətlərdə və onlara göstərilən münasibətdə özünü açıq şəkildə biruzə verir.
Rayon Gənclər və İdman İdarələrinin, eləcə də Rayon və Regional Təhsil İdarələrinin balansında olan idman məktəblərinin idmançıları, demək olar ki, baxımsız vəziyyətdədir. Onların yarışlara göndərilməsi isə ciddi problemlərlə müşayiət olunur.
Bizimxeber.az-a daxil olan məlumata görə, Şirvan−Salyan Regional Gənclər və İdman İdarəsi, həmçinin Şirvan- Salyan Regional Təhsil İdarəsi və onların rəhbərliyi, tabeçiliyində olan rayonların idmançılarına normal diqqət ayırmır, idmançılar lazımi avadanlıqlarla təmin edilmir, hətta Respublika səviyyəli yarışlarda iştirakları təmin edə bilmir. Bu vəziyyət, gənc və məktəbli idmançıların gələcəyini sual altında qoyur. Çünki, yarışlar idmançıların necə deyərlər, imtahanıdır.
Redaksiyaya daxil olan məlumata əsasən, bu ilin fevralın 4-də, iki gün sonra, Bakıda keçiriləcək yeniyetmə boksçular arasında Respublika Birinciliyinə bütün rayonlardan idmançılar qatılmalıdır. Bu yarışda ən güclü idmançılar seçilərək Azərbaycanı beynəlxalq idman arenasında təmsil etməlidir. Lakin Şirvan-Salyan Regional Təhsil İdarəsinin balansında olan məktəblərin idmançıları bu yarışlardan kənarda qalıb. Bildirilir ki, idmançılar son günə kimi cavab gözləsələr də, onlara heç bir cavab verilməyib.
Daha doğrusu, qəribə vəziyyət yaranıb. Qurumlar maliyyə vəsaitinin ayrılmasını bir-birinin üzərinə atmış kimi görünür və nəticədə əziyyəti idmançılar çəkir, yarışlardan qalırlar.
Rayonlarda həm Təhsil həm də İdman nazirliyinin balansında olan məktəblər fəaliyyət göstərir. Yarışlar zamanı yarışın təşkilatçısının kimliyi əsas götürülərək, maliyyənin də o qurum tərəfindən ödənilməsi əsas gətirilir.
Hazırda eyni vəziyyət yaranıb. İdmançıların əməyini heçə sayaraq, onları yarışlara göndərmək üçün dövlət tərəfindən ayrılan vəsaiti belə onlardan əsirgəyirlər. Şirvan−Salyan Regional Gənclər və İdman İdarəsi bölgədəki idman məktəblərinin yarışa qatılmaq üçün göndərdiyi müraciətləri ya cavablandırmır, ya da cavablar açıq şəkildə laqeyd olur.
Nəticədə, rayon idmançıları yarışlara göndərilmir. İdman məktəblərinin rəhbərləri, məşqçilər ya məcbur olub yarışlarda öz imkanları ilə iştirak edir, ya da iştirak etmir. Hazırda eyni vəziyyət yaranıb.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin idmançıları paytaxtda keçiriləcək Respublika Birinciliyində iştirak edə bilmir. Çünki, yarış Gənclər və İdman nazirliyinin təşkilatçılığı ilə keçirilir və idmançıların yarışda iştirakını da məhz Şirvan−Salyan Regional Gənclər və İdman İdarəsi maliyyələşdirməlidir. Amma təəssüflər olsun ki, Şirvan−Salyan Regional Gənclər və İdman İdarəsi Respublika səviyyəsində təşkil olunan bu yarışa rayon idmançılarını aparmaqda maraqlı görünmür. Nəticədə, Neftçaladan olan idmançılar 2 gün sonra keçiriləcək yarışda iştirak etmək üçün maliyyə axtarır.
Qeyd edək ki, yarışlarda iştirak etmək üçün hər bir idmançıya 120 manat ayrılmalıdır. Bu məbləğə yol xərci, otel pulu, yemək-içmək və digər gündəlik xərclər daxildir. Bu pul olmadığı halda, idmançılar yarışa da qatıla bilmir.
Bundan əlavə, idmançılar avadanlıqla təmin edilmir və idman zalları da bərbad vəziyyətdədir. Bu məsələlərə dair daha ətraflı məlumatlar növbəti yazılarda veriləcək. Görünən odur ki, "öz cibinizdən və ya valideynlərin pulu ilə gedin" deyənlər, sonradan bu səfərləri sənədləşdirərək "bu qədər idmançı apardıq" kimi məlumatlar təqdim edərək büdcə vəsaitini mənimsəməli olurlar.
Bu cür halların ilk olmadığı ehtimal edilir və Şirvan−Salyan Regional Gənclər və İdman İdarəsinin fəaliyyətinin ciddi şəkildə araşdırılması, idmançıların hüquqlarının pozulmasının önlənməsi vacibdir. Bu məsələnin həlli üçün aidiyyatı qurumlar qarşısında müvafiq tədbirlər görülməlidir.