“Yazıçını bu qədər sındırmayın, kömək edirsinizsə, edin”

Tanınmış jurnalist, aparıcı İradə İsak “Ali & Nino” mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərlinin şəraitsiz vəziyyətdə yaşayan yazıçı Əlisa Nicatla bağlı paylaşımına sərt reaksiya verib. 

O, Köçərlini yazıçının bank rekvizitlərini paylaşdığına görə tənqid edib: “Kombi çəkmək və o evi bir balaca təmir etdirmək o qədər də böyük vəsait tələb etmir axı. Məncə, sizin də, Şahbaz bəyin (N. Köçərlinin həyat yoldaşı “Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu-red.) də buna gücü çatar. Bunun üçün kart qoymaq niyə lazımdır ki?

İş adamları artıq normal şəkildə yardım etməyi öyrənməlidir. Yazıçını utanmağa niyə vadar edirsiniz? İkiniz əl-ələ verib bu işi yaxşı şəkildə görə biləcək imkandasınız. Lütfən, adamı bu qədər sındırmayın. Kömək edirsinizsə, edin, etmirsiniz lazım deyil, məncə”.

Köçərlinin cavabı özünü çox gözlətməyib: “1. İctimailəşdirmək biabır etməkdirsə, özünüzü her yerdə “tanınmış jurnalist” kimi təqdim etməyinizə və təlimlər keçirtməyinizə nə ad verək? 2. Siz hardan bilirsiniz ki, mən yardım etmirəm?

Etmişəm, edirəm, amma bu barədə danışmaq istəmirəm. Day sizin kimi fəxrlə “dünən kasıbın toyuna getdim pul saldım” tipində “səviyyəli” paylaşımlar etmirəm, üzürlü sayın. 3. Dünəndən insanlar “biz necə kömək edə bilərik” yazırlar, biz də Əlisa bəyin kartın nömrəsini verdik. 4. Bəs sizin də maşallah maddi durumunuz pis deyil, özünüz də “tanınmış jurnalist”, yoldaşınız da dövlət məmurudur, niyə yardım etmirsiniz?

İlk paylaşımda yardım yazmamışam. Necə yardım edək kimi müraciətlərdən sonra kartının nömrəsi payıaşılıb. Bir məsələni ictimailəşdirmək ayıbdırsa, onda jurnalistika ilə niyə məşğul olursuz? Hərə bacardığı şəkildə iş görür, siz fərqli şəkildə etmək istəyirsiniz, buyurun çıxın irəli”.