Xaçmazın icra başçısı qazinin ünvanını bilmir

Qazi Yusif Seyfulla oğlu Əsədullayev sonuncu dəfə fevral ayında bizə ev növbəsi üçün arayışla bağlı müraciət edib. Ondan sonra mən qazini görməmişəm.

Bu sözləri Yenipress.az-a Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndəsi Polad Bədəlov deyib. 

“Yusif Əsədullayevi intihara cəhd etməsindən sonra ziyarət etmisinizmi” sualına isə İH rəsmisi bildirdi ki, onun yaşayış ünvanını bilmirlər.

Qeyd edək ki, icra nümayəndəsi Xaçmaz rayonunda yanğın baş verdiyi üçün ərazidə olduğunu da qeyd etməyi lazım bilib.

Xatırladaq ki, qazi, XTQ giziri Yusif Əsədullayev dünən özünü yaşadığı ünvanda asaraq intihara cəhd edib. Onu xilas etmək mümkün olub və hazırda qazi müalicə alır.

İntihara cəhdin səbəbi isə rəsmi qurumların ona etinadsız yanaşmasını göstərib.