Vətən müharibəsi iştirakçısı həbs edildi

Bakının Xətai rayonunda dostunu bıçaqlamaqda təqsirləndirilən Firudin İsrafilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Firudin İsrafilov 6 il azadlıqdan məhrum edilib. Polis nəzarəti altında qətimkan tədbiri ləğv edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib.

İttihama görə, hadisə ötən ilin noyabrında Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən mağazada baş verib.

Belə ki, Şamaxı rayon sakini, 25 yaşlı Firudin İsrafilov mübahisə zamanı Bərdə rayon sakini, 22 yaşlı Cümşüd  Hacıyevi bıçaqlayıb. Qarnından bıçaq xəsarəti alan yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Firudin İsrafilovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Firudin İsrafilov 44 günlük Vətən müharibəsi iştirakçısı olub.