ÜST rəhbəri seksual cinayətlərdə ittiham olunub

Efiopiya səlahiyyətliləri Afrika ölkəsinin səhiyyə naziri vəzifəsində çalışarkən maliyyə və cinsi cinayətlər törətməkdə şübhəli bilinən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesusla bağlı araşdırma aparıb. 

Bu barədə "Bloomberg" məlumat yayıb. Parisdə yerləşən Afrika Müdafiə Platformasının məlumatına görə, Efiopiya Maliyyə Nazirliyinin maliyyə kəşfiyyatı mərkəzi ÜST rəhbərinin fəaliyyətini 2021-ci ilin iyununda araşdırmağa başlayıb.

Efiopiya hakimiyyət orqanları siyasətçinin 2005-2012-ci illərdə Afrika ölkəsinin səhiyyə naziri olduğu müddətdə dövlət vəsaitlərinin mənimsənilməsi, cinsi cinayətlər, Əddis-Əbəbədə qeyri-qanuni daşınmaz əmlak əldə etməsi, tender təkliflərinin saxtalaşdırılması və qeyri-qanuni satınalmalarda iştirakı ilə bağlı məlumatları yoxlayıb.

Belə ki, maliyyə kəşfiyyatının hesabatında Qebreyesusun qadınları sıxışdırması barədə məlumatlar var. "Bloomberg" qeyd edir ki, təqdim olunan sənədlər heç bir sübut göstərmir.

Qebreyesus özü bütün ittihamları rədd edərək, onları "böhtan kampaniyası” adlandırıb. O, doğma Efiopiyaya qayıtmaqdan çəkindiyini də etiraf edib, çünki orada ailəsinin təhlükəsiz olacağına əmin deyil.

İstintaq Tedrosun ÜST-nin baş direktoru kimi ikinci müddətə kampaniyasının başlaması ilə üst-üstə düşüb. Buna Cenevrədəki efiopiyalı diplomatlar etiraz edib. Bəzi ölkələrdən bu səylərə və pandemiya ilə mübarizəsinə dair tənqidlərə baxmayaraq, Qebreyesus 2022-ci ilin mayında yenidən ÜST-nin rəhbəri seçilib.