Ukraynaya silah satan Rus əsilli iş adamı kimdir? - 100 milyon dollar qazanıb


Rusiya əsilli, Kanadanın “Streit” şirkətlər qrupunun sahibi, iş adamı German Qutorov Ukrayna Silahlı Qüvvələrinə, o cümlədən Azov alayına Amerika zirehli maşınlarının surətlərini sataraq pul qazanır.

Bizimxeber.az Rusiya KİV-lərə istinadən bildirir ki, avadanlığın keyfiyyəti ekspertlər arasında sual doğurur, çünki bu maşınlar rus hərbçiləri tərəfindən asanlıqla məhv edilir. Bildirilir ki, Qutorov silah satışından təxminən 100 milyon dollar qazanıb.

Silah baronu kimi tanınan German Qutorov uzun müddətdir xaricdə yaşayır, onun Rusiya vətəndaşlığından imtina etdiyinə dair sübutlar da var. Amma ekspertlərin fikrincə, iş adamının Ukrayna Silahlı Qüvvələrinə zirehli maşınlar tədarük etdiyi subut olunsa o, yenə vətənə xəyanətdə ittiham oluna bilər.

German Qutorov Sverdlovsk vilayətindəndir. Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra, Moskvada Daxili İşlər Nazirliyində (müasir İqtisadi Cinayətlərlə Mübarizə İdarəsinin analoqu) işləyib. 1990-cı illərin əvvəllərində o, polisi tərk edib və bizneslə məşğul olmağa başlayıb, Kanadadan Rusiyaya kolleksiyaçılar üçün zirehli furqonlar daşıyıb. 1992-ci ildə Kanadaya mühacirət edib, Streit Group şirkətini qeydiyyatdan keçirib və zirehli furqonların yığılması üçün öz emalatxanasını açıb.

2002-ci ildə Qutorov ABŞ Müdafiə Nazirliyi və ABŞ Narkotiklərlə Mübarizə İdarəsi üçün mülki Ford və Toyota avtomobillərinin zirehli versiyasının tədarükü üçün Amerika hakimiyyət orqanları ilə ilk müqavilələr bağlayıb. 2008-2012-ci illərdə Birləşmiş Ərəb Əmirliklərində montaj sexləri açmağa nail olub.

2013-2014-cü illərdə Ukraynada baş verən siyasi hadisələr və Ukraynanın şərqində vəziyyətin pisləşməsi silah alverçilərinə qapı açdı. 2014-cü ildə Qutorov Ukrayna Silahlı Qüvvələri üçün zirehli texnikanın tədarükü ilə bağlı Ukrayna hökumətinə təklif edən ilk şəxs olub. Və Ukrayna münaqişəsi başlayandan sonra iş adamı özünə 12 milyon dollar dəyərində “Queen Alla” yaxtası alıb.