Ukraynanın güllələnən sabiq deputatı vəfat etdi

Ukrayna Ali Radasının sabiq deputat İrina Farion güllələnib.

Bu barədə “Espresso” kanalının teleaparıcısı Marta Oliyarnik feysbukda məlumat verib. Onun sözlərinə görə, 60 yaşlı Fariona qarşı Lvov şəhərinin Masaryk küçəsində sui-qəsd cəhdi olub.

Məlumata görə, Farion təxminən 20-25 yaşlı gənc tərəfindən hücuma məruz qalıb, o, evdən çıxarkən sabiq deputatı güllələyib. Lvov Şəhər Şurasının deputatı İqor Zinkeviç bildirib ki, İrina Farionun vəziyyəti ağırdır. Təcili yardım maşını Farionu xəstəxanaya yerləşdirib.

Polisin bildirdiyinə görə, zərərçəkən başından güllə yarası alıb. Hüquq-mühafizə orqanları atəş açan şəxsi axtarır:

“Lvovda və bölgədə xüsusi polis əməliyyatı keçirilir, əməliyyata Lvov vilayəti polisinin bütün xidmət və bölmələrinin əməkdaşları cəlb olunub”, - deyə polis bildirib.

***

Ali Radanın güllələnən sabiq deputatı İrina Farion Lvovda xəstəxanada dünyasını dəyişib. Bu barədə Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski teleqram kanalında məlumat verib.“İrina Farionu xilas etmək mümkün olmadı” , - Kozitski bildirib.

Qeyd edək ki, hadisəni törədənin kimliyi hələlik məlum deyil. Faktla bağlı cinayət işi açılıb.