Ukrayna şəhərləri atəşə tutuldu - 5 ölü, 12 yaralı - Yenilənir

Bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyevdə və Dnepr şəhərində güclü partlayışlar baş verib. 

Paytaxtda 4 güclü partlayış səsinin eşidildiyi bildirilir. Dneprdə isə azı 3 partlayışın baş verdiyi qeyd olunur.

***

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenkonun sözlərinə görə, Kiyevə atılan raketlərdən biri Vladimirskaya küçəsinə düşüb. Bildirilir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin ofisi məhz bu küçədə yerləşir. Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi də həmin əraziyə yaxın məsafədədir.

***

Ukrayna mediası Kiyev və Dneprlə yanaşı, Jitomir, Xmelnitski vilayətlərində, Ternopil, Lvov, Obuxov şəhərlərində də partlayışların baş verdiyini yazır.

A. Geraşenko Kiyevə atılan reaktiv daşıyıcının uşaq meydançasına düşdüyünü bildirib. O, hadisə yerindən foto da paylaşıb.

***

Hazırda Kiyevdə partlayışlar davam edir. Paytaxtda bütün yeraltı stansiyalar sığınacaq olaraq istifadə olunur və qatarların hərəkəti dayandırılıb.

***

Kiyevdə partlayışlar nəticəsində ölən və yaralananların olduğu bildirilir.

***

A.Geraşenkonun sözlərinə görə, Kiyevdə 5 nəfər ölüb, daha 12 nəfər isə yaralanıb. Onların hər birinin mülki şəxs olduğu qeyd olunub.