Ukrayna Aİ-dən yarım milyard avro qrant alıb

Ukrayna Avropa İttifaqından (Aİ) 500 milyon avro yardım alıb.

Bizimxeber.az bildirir ki, bu barədə Respublika Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, Kiyev “dövlətin inkişafı və dayanıqlığın gücləndirilməsi üçün müqavilə” çərçivəsində yarım milyard qrant alıb. Vəsaitlərin Ukrayna büdcəsinin sosial və humanitar xərclərinin maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır. 

“Vəsaitlərin bir hissəsi kənd təsərrüfatı və ərzaq məhsullarının fasiləsiz istehsalının təmin edilməsi, o cümlədən kiçik fermer təsərrüfatlarının dövriyyə kapitalına çıxışının dəstəklənməsi yolu ilə ölkənin ərzaq təhlükəsizliyinə və iqtisadi sabitliyinin möhkəmləndirilməsinə yönəldiləcək”, - deyə Maliyyə Nazirliyi əlavə edib.

Bundan əvvəl məlum olub ki, ABŞ Ukraynaya yeni hərbi yardım paketi verməyə hazırlaşır. Reuters mənbələrinə görə, söhbət bir milyard dollar həcmində tədarüklərdən gedir. Paketin yaxın günlərdə təsdiqlənməsi gözlənilir.