Tramp yardım müqabilində Ukraynanın nadir metallarını istədi

ABŞ prezidenti Donald Tramp Rusiya ilə müharibədə Ukraynanın köməyi müqabilində ondan nadir metallar almaq istəyir.

Bizimxeber.az bildirir ki, bu barədə Tramp özü Ağ Evdə jurnalistlərə bildirib. 

Prezident Tramp bildirib ki, o, Vaşinqtonun Kiyevə ayırdığı 300 milyard dollara yaxın yardımla eyni razılaşma əldə etmək istəyir. Donald Trampın sözlərinə görə, Ukrayna buna hazırdır. 

Güman ki, Tramp nadir metallar dedikdə təkcə bu kateqoriyaya daxil olan 17 metalı nəzərdə tutmayıb və bu termini daha geniş mənada işlədib. Ukrayna nadir metallar siyahısına daxil olmasa da, mühüm əhəmiyyət kəsb edən uran, titan və litium istehsal edir.

Ukrayna prezidenti Vladimir Zelenskinin 2024-cü ilin payızında təqdim etdiyi “Qələbə planı”nın bəndlərindən biri Avropa İttifaqı və ABŞ ilə uran, titan və litiumun hasilatına sərmayə qoyuluşuna dair razılaşmanı nəzərdə tutur.

Ukrayna hökuməti Trampın bəyanatına cavab verməyib. Lakin o, Almaniya kansleri Olaf Şolz tərəfindən tənqid edilib. Brüsseldə olan Şolz deyib ki, bu, eqoistlikdir, çünki müharibədən sonra ölkəni yenidən qurmaq üçün Ukraynanın öz resurslarına ehtiyacı olacaq.