“Toyota”dan aldığı maşına görə 1300 manatlıq ƏDV-ni ala bilmədi


“Toyota Bakı Mərkəzi”ndən iki avtomobil alan şəxs onlardan birinin Əlavə Dəyər Vergisinin hesabına köçürülməməsinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən şikayətçidir.

Vətəndaş Rüfət Xələfli “Qafqazinfo”ya müraciət edərək bildirib ki, avtomobili bu ilin iyul ayında bibisi oğlunun adına alıb: “İyulun 28-də Bakıdakı “Toyota”dan bibim oğlu Bəxtiyar Məmmədovun adına “Toyota Camry” markalı avtomobili 83 300 manat nağd ödəniş edərək aldım.

ƏDV-ni də hesabıma vurdum və məlumat gəldi ki, bir ay ərzində təxminən 1300 manat ƏDV köçürüləcək. Amma bir ay keçəndən sonra hesaba baxdıqda orada pul olmadığını gördüm”.

R.Xələfli bildirir ki, elə həmin vaxt oradan ikinci maşını da alıb: “Atam üçün “Toyota Highlander”i aldım. Həmin avtomobilin ƏDV-si isə təxminən 1600 manat idi və onun hesaba köçməsində hər hansı problem olmadı.

Bundan sonra mən şirkətin “qaynar xətt”inə zəng edərək niyə belə bir halın baş verdiyini soruşdum. Oradan mənə dedilər ki, “bu məsələ bizlik deyil, vergi xidmətindən soruşun. Əgər problem bizim tərəfdən olsaydı, o zaman digər avtomobilin də ƏDV-si hesabınızda olmazdı”.

Bundan sonra mən vergi xidməti ilə əlaqə saxladım, oradan da məlumat verildi ki, bir ay ərzində məsələyə baxılacaq. Daha sonra onlar mənə məktub göndərdilər. Məktubda qeyd olunub ki, təqdim etdiyim çek üzrə iri həcmli əmtəə partiyasının əldə edilməsi malların topdansatış ticarət qaydasında əldə edilməsi ehtimalını yaratdığından ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması mümkün olmayacaq”.

Rüfət Xələfli qeyd edir ki, bu məktubdan sonra aldığı maşının topdansatış olmadığını təsdiq edən sənədi də Vergi Xidmətinə təqdim edib. Bundan sonra Dövlət Vergi Xidmətindən təkrarən ona məktub göndərildiyi bildirilsə də, poçta gedib maraqlananda heç bir məktubun gəlmədiyini öyrənib.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin Mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat katibi Şahin Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, kassa çekinin tələbləri qanunvericiliyin Vergi Məcəlləsində göstərilən kassa çekinin məlumatlarına uyğun olduğu halda ƏDV qaytarılır: “Dövlət Vergi Xidmətindən həmin şəxsə verilən cavaba uyğun olaraq, yenidən şirkətə müraciət edə bilər. Əgər ikinci dəfə aldığı maşının ƏDV-si qaytarılıbsa, deməli problem çekdədir. O şirkətə müraciət edərək yenidən çek ala bilər”.

Şahin Məmmədov onu da bildirib ki, alıcı DVX-yə rəsmi müraciət etməlidir: “Çeklər avtomobil alışı ilə bağlı olduğundan alıcı tərəfindən Dövlət Vergi Xidmətinə rəsmi müraciət olunması və müvafiq təsdiqedici sənədlərin surətlərinin (texpasport və s.) əlavə olunması tövsiyə olunur. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq”.