“Toplum TV işi”: Şəmşad Ağanın ölkədən çıxışına qadağa qoyulub

Jurnalist keçmiş aparıcılığına görə ifadə verib

İyulun 5-də “arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) “Toplum TV” işilə bağlı dindirilməyə çağırıldığı bildirilir. O, “Toplum TV”-nin keçmiş aparıcısı olub.

Dindirilmədən sonra sərbəst buraxılan Şəmşad Ağa Meydan TV-yə bildirib ki, “Toplum TV”-dəki fəaliyyəti ilə bağlı sorğulanıb. Jurnalist deyir ki, dindirilmənin sonunda ölkədən çıxışına qadağa qoyulması barədə ona şifahi məlumat verilib.

“Dindirilmənin sonunda soruşdum ki, ölkədən çıxışıma qadağa qoymusunuz? Soruşdu ki, niyə narahatsan? Dedim ki, bilmək istəyirəm. Cavabında bildirildi ki, çıxışıma “stop” qoyulub. Rəsmi sorğu göndərib, dəqiqləşdirməyə çalışacağam ki, məhkəmədə mübahisələndirə bilim”, – Şəmşad Ağa deyib.

2024-cü ilin martın 6-da “Toplum” internet televiziyasının ofisində polisin axtarışı olub və qapısı möhürlənib. Media orqanı ilə bağlı cinayət işi üzrə ümumilikdə 9 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.

Həbs olunanlar arasında “Toplum TV”-nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, video-redaktor Müşfiq Cabbar da var./Meydan TV/