“Toka verib” sənədə qol çəkdirmək istədi - Bakıda qəribə hadisə

Bakıda tanışını elektrik cərəyanı ilə qorxudaraq ondan sənədlərə imza atmasını tələb edən şəxsə ağır cəza verilib. 

Hadisə bu il aprelin 16-da Nərimanov rayonu, Məmməd Araz küçəsindəki evdə baş verib. Belə ki, Novxanı bağlar massivində yaşayan Zəngilan rayon sakini, 1961-ci il təvəllüdlü Ağa Ağayev qonşuluqda yerləşən ünvandakı 10 sot torpaq sahəsinin içindəki ikimərtəbəli evlə birgə satıldığı haqda elanı görüb. O, həmin həyəti ələ keçirmək üçün plan qurub və hasarın üzərində yazılmış elandakı nömrəyə zəng edib.

Torpaq və evin sahibi olan Babək adlı şəxs həmin mülkü 143 min manata sata biləcəyini deyib. Ağa ev sahibi ilə razı olduğunu deyərək onunla görüşüb pulu vermək istədiyini və alqı-satqı müqaviləsinə qol çəkməsini istəyib. Babək adlı şəxs müştəri ilə razılaşıb və onu Nərimanov rayonu Məmməd Araz küçəsindəki evinə dəvət edib.

Ağa Ağayev isə çantada pul olmasını görüntüsü yaratmaq üçün oraya 2 daş qoyub, həmçinin ev sahibini qorxudaraq sənədlərə qol çəkdirməsi üçün kustar üsulla hazırlanmış elektrik cihazını özü ilə götürüb.

Onlar qeyd edilən ünvanda görüşüblər və Babək bağ evini almaq istədiyini bildirən şəxsi mənzilinə dəvət edib. Evdə olarkən Ağa torpaq sahəsini və yaşayış evinin 143 000 manata ona satılması ilə bağlı 2021-ci il tarixli qəbzi yazdırdıqdan sonra həmin qəbzi və əmlaka dair hüququ təsdiq edən sənədlərini əldə etmək üçün özü ilə gətirdiyi kustar üsulla hazırlanmış elektrik naqilindən istifadə edərək Babəki elektrikə verməklə hədələyib. Bu zaman elektrik naqilinin başlığı elektrik yuvasından çıxıb və ev sahibi aktiv müqavimət göstərməyə başlayıb. Babəki yumruqla vurub yerə yıxan şəxs ondan sənədləri tələb etməkdə davam edib. Lakin ev sahibinin həyat yoldaşının səs-küyə gəlməsindən sonra Ağa Ağayev niyyətini həyata keçirə bilməyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar zamanı məlum olub ki, Ağa Ağayev sənədləri əldə etdikdən sonra məhkəməyə müraciət edərək mülklə bağlı mübahisəli vəziyyət yaratmaq və onu ələ keçirmək fikrində olub.

O, ifadəsində bildirib ki, mülk sahibi ilə arasındakı dava-dalaş razılaşdıqları 143 min manat pulun 20 min manatının dollarla verilməsinin tələb edilməsinə görə olub. O, həmçinin elektrik naqilini özü ilə gətirmədiyini, Babəkin evindən götürdüyünü deyib.

Qeyd edək ki, hadisəni törədən Ağa Ağayev əvvəllər də dələduzluq əməlinə görə məhkum edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2022-ci il tarixli hökmü ilə ona 11 il 6 ay müddətinə həbs cəzası verilib.