Azərbaycanın "ciddi mətbuatı" hesab olunan ələbaxım mediası həmişə unutqan olub. Çünki idarə olunurlar və həqiqi mətbuat deyillər.
Niyəsini ətraflı deyəcəm.
Azərbaycana məxsus təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan zaman ilk xəbəri, ətraflı foto, videoları Qazaxıstan mətbuatdından aldıq. Hamı gördü ki, onlar bu hadisənin bütün dünyaya yayılması üçün necə çalışdılar.
İnsanları qan vermək, dəstək olmaq üçün növbələrə düzüldülər. Yəni, istər mətbuatı, istər bloqqerləri, istərsə də sadə insanları bu qəza ilə bağlı əllərindən gələn köməkliyi əsirgəmədilər. Əlimizdə olan bütün videolar, fotolar onların çəkdikləridir. Sadə insanların videoları bizim təyyarənin necə qəzaya uğradığını bütün dünyaya göstərdi, faktları, subutları ortaya qoydu.
Diqqət edin!
Təyyarədə 5-i ekipaj üzvü olmaqla 67 nəfər olub. Sərnişinlərdən 6-sı Qazaxıstan, 42-si Azərbaycan, 3-ü Qırğızıstan, 16-sı Rusiyadandır. Təyyarədə 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb. Qırğızıstandan olan üç sərnişin olub, hamısı sağ qalıb.
16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Təyyarədə 6 Qazaxıstan vətəndaşı olub, çox təəssüf ki, hamısı dünyasını dəyişib.
İndi sözümün canı nədir. Tutaq ki, bu hadisəni Rusiya törədib onlardan acıqlı qalmışıq, onların ölüsü, dirisi ilə maraqlanmadıq. 3 qırğız vətəndaşı olub, onlar da sağ qalıb, bu da öz yerində.
Təyyarədə olan 6 Qazaxıstan vətəndaşından 6-sı da ölüb. Yaxşı bizə bu qəza zamanı bu qədər dəstək olanlara bizim mətbuat hansı münasibəti göstərir? Bu qədər imkanlara malik olan TV, sayt, qəzetlərdən hansının əməkdaşı ölən Qazaxıstan vətəndaşlarının ailə üzvlərindən birindən münasibət aldı, çəkdi, onların acısını göstərdi, gedib qapısını döydü, anasını, qardaşını, atasını danışdırdı, dəfnindən bir foto, kadr çəkdi göstərdi?
Bunu etmək lazım idimi? Bəli, belə hadisələr zamanı mətbuatın işi həm də bu olmalıdır. Axı sizin bunu etmək üçün imkanlarınız var və dövlət sizə istədiyinizi verib, bütün şəraitlər yaradılıb. Yalnız onların yaydığı xəbərləri tərcümə edib yaymağa nə var ki...
TİK-TOK-dan, "Telegram"dan onun bunun çəkdiyi videoları oğurlayıb xəbər etmək, yaymaq asandır. Amma belə hadisələr zamanı hər kəs bütün informasiyaları bizdən almalı idi, hadisə yerində bizim jurnalistlər işləməli idi, biz göstərməliydik, "Tik-Tok" da, "Telegram"da biz olmalıydıq... Buna imkanlarınız var, özü də artıqlaması ilə.
MEDİA il ərzində layihə qalmır edir, o ekspert gəlir, bu eskpert gedir. Araşdırılsa ildə milyonlarla manat layihələrə, seminarlara pul xərclənir. Ezamiyyətlərə, dəvətlərə nə qədər pullar xərclənir bir allah bilir. Elə isə bu qurum jurnalistlərinə, baş redaktorlarına öyrədə bilmir ki, belə hadisələr zamanı mətbuat necə işləməlidir və hansı addımları atmalıdır? 6 redaksiyadan 6 nəfər o ailələrə göndərilə bilməzdi?
Ümumiyyətlə, "mətbuatın işi nədir və necə işləməlidir" sualının cavabını bilən var bunların içində? Nəsə olanda toplanıb nastradamusluq edirlər, aparıcı qarışır ekspertə, ekspert qarışır aparıcıya, ağız deyəni qulaq eşitmir. Danışırlar, danışırlar vəssalam, bitdi.
Bunu da sizə dövlət deməlidir? - Görünür bəli, deyilməsə edə bilmirsiz...
Mətbuat deyilsiz? - Görünür, xeyr deyilsiz...
İmkanlarınız yoxdur? - Xeyr, lap yaxşı da imkanlarınız var, altınızda bahalı maşınlarınız, ayda reklamlarınız, dövlətdən maliyyələşmə və ofisləriniz, kameralarınız, fotoaparatlarınız. İmkanı olmayan baş redaktorlar ilin yarsını xarici ölkələrdə, Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda keçirməz.
Burda oturub, yalandan tərcümə edib xəbər yaymaqla işinizi bitmiş hesab edirsiz? - Bəli, sizə lazım olan budur ki, saytınızda xəbər olsun, 20 xəbər limitini keçəsiz və layihəniz yerində qalsın, ayda 3 min manatı ala biləsiz və sizə gələn tapşığı yerinə yetirəsiz...
Əziz dostlar, TV rəhbərləri, sayt baş redaktorlar, qəzetçilər, özünə mətbuatçı deyənlər, siz hələ də fərqində deyilsiz ki, etdikləriniz kənardan görünür və bir gün bu mətbuatın işinin düzgün istiqamətdə olmadığını kimsə görəcək.
Anlamırsız ki, etdikləriniz vaxt itkisi, baş qarışdırmaq və yalançı görüntüdür. Belə mətbuat olmur, belə TV olmur, belə sayt, portal olmur. Belə idarəetmə olmur, belə sistemsizlik olmur.
Anlayırsız ki, mətbuat dövlətin simasıdır, güzgüsüdür? Siz necə göstərirsizsə, kənardan elə görünür. Ona görə də, başınızı qaldırıb nə etdiyinizə kənardan baxın, bu zaman həm özünüzün, həm də mətbuatınızın necə göründüyünü gösrəcəksiniz.
Bizimxeber.az portalının
baş redaktoru Ədil Hüseynov