Şotlandiya da NATO üzvü olmaq istədiyini açıqladı

"Müstəqillik əldə etdikdən sonra NATO-ya inteqrasiya bizim üçün mühüm məsələ olacaq".

Bizimxeber.az bildirir ki, bu barədə Şotlandiyanın birinci naziri Nikola Sturgeon The Independent” nəşrinə bildirib.

Vaşinqtonda çıxış edən Sturgeon deyib ki, Ukraynadakı müharibə onun müstəqil Şotlandiyanın nüvə silahlarına qarşı müqavimətinə və Britaniyanın Trident çəkindirici qüvvəsindən imtina etmək istəyinə baxmayaraq, NATO-ya daxil olması inamını gücləndirib.

Şotlandiya hökumətinin başçısı və Şotlandiya Milli Partiyasının lideri həmçinin bildirib ki, NATO-ya qoşulmaq müstəqil Şotlandiyanın təhlükəsizlik siyasətinin təməl daşı olacaq.

Lakin bütün siyasi qüvvələr bu qərarla razılaşmır. Yaşıllar Partiyasının liderlərindən biri Patrik Harvi bildirib ki, onun siyasi qüvvəsi üzvlük əleyhinədir.

Sturgeon vurğulayır ki, Şotlandiyanın müstəqilliyi ilə bağlı yeni referendum 2023-cü ilin sonunda baş tuta bilər.

Lakin Britaniya mərkəzi hökuməti hələ ki, onun keçirilməsinə razılıq verməyib.

Sonuncu belə referendum 2014-cü ildə keçirilib və o zaman seçkiyə gələnlərin 55%-i Böyük Britaniyadan ayrılmaq istəməyib.