Şolts: “Ukrayna və Rusiya arasında sülh danışıqları hələ çox uzaqdadır”

Almaniya kansleri Olaf Şolts deyib ki, Ukrayna ilə Rusiya arasında sülh danışıqları hələ çox uzaqdadır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Tagesschau məlumat yayıb. O, İsveçrədə keçiriləcək Qlobal Sülh Sammitindən gözləntilərdən danışarkən qeyd edib ki, "orada heç bir sülh danışıqları olmayacaq”. "Rusiya döyüş meydanında öz məqsədlərinə çata biləcəyinə inandığı müddətcə biz bundan hələ çox uzaqda olacağıq", - Şolts deyib.

Onun sözlərinə görə, sülh sammiti beynəlxalq hüququn və BMT Nizamnaməsinin qüvvədə olduğunu Moskvaya başa salmaq üçün dünya ölkələrini cəlb etmək məqsədiylə keçiriləcək.

Almaniya kansleri həmçinin vurğulayıb ki, Rusiya Federasiyası öz qoşunlarını Ukraynadan çıxarmalıdır. İyunun 4-də Bloomberg xəbər verib ki, 15-16 iyunda İsveçrədə keçiriləcək sülh sammiti gələcək Ukrayna-Rusiya danışıqlarına zəmin yaratmaq məqsədi daşıyacaq.