Avropa Komissiyası, Slovakiyanın demokratik prinsipləri pozduğuna görə ölkəni cəzalandırmağı planlaşdırır.
Bizimxeber.az “Bloomberg”ə istinadən bildirir ki Bratislava üçün ayrılan Aİ fondlarının dondurulması mümkün görünür.
Avropa Komissiyası, baş nazir Robert Fikonun Aİ fondları ilə bağlı korrupsiya işlərinə nəzarət edən xüsusi prokurorluğun ləğv edilməsini nəzərə alaraq Slovakiyanı mühakimə etmək üçün prosedur hazırlayır. Prosesin ilkin mərhələdə olduğu və Avropa Komissiyasının sədri Ursula fon der Leyenin təsdiqini tələb etdiyi bildirilir.
Slovakiyadakı dövlət investisiyalarının təxminən 80%-i Aİ fondlarından maliyyələşir, buna görə hər hansı maliyyə problemi, artıq yüksək dövlət borcu ilə mübarizə aparan bu ölkəyə böyük zərbə vura bilər.
Məlumatlara görə, Avropa Komissiyası, maliyyələşdirməni dondurmaq üçün şərtilik mexanizmindən istifadə edə bilər. Bu halda, Aİ Slovakiyaya 2021-2027-ci illər üçün ayrılmış 12,8 milyard avrodan bir hissəsini büdcəsində saxlaya bilər.
Bundan əlavə, Avropa Komissiyası, Slovakiyanın Aİ-dən Covid-19 mübarizəsi üçün aldığı 2,7 milyard avro məbləğindəki qrantların hamısının və ya bir hissəsinin geri qaytarılması imkanlarını da araşdırır. Bu vəsait, xüsusi prokurorluğun yaradılması şərtilə verilmişdi. Fiko oktyabrda hakimiyyətə qayıtdıqdan sonra, cinayət məcəlləsini yenidən nəzərdən keçirmək və yüksək səviyyəli korrupsiya işlərinə baxan xüsusi prokurorluğu ləğv etmək qərarına gəlib ki, bu da Brüsselin diqqətini çəkib.