Sən mənim ölmümü tez görəcəksən 

Didib - parçalayır sinəmi təlaş,
Hicran ürəyimə qanlar axıdır...!
Qəlbimə yol açıb gözümdəki yaş,
Vüsal kəlməsini silib, dağıdır..!

Məni haldan salıb uzun niskilim,
Eşqin Allahından diləyim haqdır.
Çatdır xəbərini mənə sevgilim,
Bilim həyatdasan, sevdiyim sağdır....!

Bilirdim... qürbət el bir dəmir kimi,
Bizi üzündəki pasa qatacaq.
Uzanan bu yollar bir zəncir kimi,
Vüsalın yoluna bəndlər salacaq...!

Daha əl üzmüşəm polad səbrimdən,
Sən mənim ölmümü tez görəcəksən...!
Al - əlvan baharda tənha qəbrimdən,
Ağlaya - ağlaya gül dərəcəksən..!

Həsrətin acığna o ağ əlinlə..
Zil qara zülfünü daraqlayarsan..!
O nişan üzüklü yumşağ əlinlə..
Yazdığım kitabı varaqlayarsan...!

Şaiq Miskinli