Səbinə Əliyeva və deputat əri evlərinə hər ay 20 minə yaxın pul aparacaq

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsman) maaşı artırılıb.

Müvəkkilin aylıq əmək haqqı 2230 manatdan 3060 manata qaldırılıb. Eyni zamanda Ombudsmanın aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Bundan başqa, müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir.

Dəyişikliklə Milli Məclisin sədri 3550 manat miqdarında aylıq vəzifə maaşı alacaq. Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alacaq.

Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar. 

Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Azərbaycan Ombudsmanı Səbinə Əliyevanın həyat yoldaşıdır. Maaş artımından sonra Ombudsman 8109 manat, komitə sədri Siyavuş Novruzov isə 8520 manat aylıq maaş alacaq.