Sahibə Qafarova deputatlara danışmağa qadağa qoyur?

Milli Məclisin sədri Sahibə Qafarova, bu gün keçirilən plenar iclasda sosial problemləri gündəmə gətirən deputatlara irad bildirərək, onların çıxışlarına müdaxilə edib. Spiker, “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi” haqqında qanun layihələrinə münasibət bildirən millət vəkillərinə belə deyib: “Sizə qulaq asdıqca adamı dəhşət bürüyür. Elə bil ki, ölkə bütün uçuruma gedir. Sosial sahə ilə bağlı bu qədər işlər görülür, nəyə görə heç biriniz bu barədə danışmırsınız?! Yadınıza salın bütün işləri! Nə üçün bu haqda danışmırsınız?”

Bu, Sahibə Qafarovanın deputatların sosial məsələləri qaldırmalarına qarşı sərt yanaşdığı ilk hal deyil. Spiker, dəfələrlə belə məsələləri Milli Məclisə gətirən deputatların sözünü kəsib və onların çıxışlarına mane olub. Deputatların əsas məqsədi, cəmiyyətdəki aktual sosial problemləri müzakirəyə çıxarmaq və aidiyyatı qurumların diqqətinə çatdırmaqdır. Lakin Qafarova, bu missiyanı yerinə yetirməyə çalışan deputatları hər dəfə müdaxilə edərək, onlara irad bildirir.

Ötən gün isə deputat Şiyavuş Novruzov, nazir Sahil Babayevə qarşı sosial problemlər və qazilərin pensiya məsələləri ilə bağlı iradını bildirmişdi. Bu çıxış, nazirin narazılığı ilə nəticələnmişdi. Görünür, Sahibə Qafarova da bu cür narazılıqlardan narahat olub və sosial məsələləri gündəmə gətirən deputatların müdafiəsinə qarşı daha sərt mövqe nümayiş etdirib.