Ruslar kütləvi şəkildə səfərbərlikdən qaçır - sərhədlərdə böyük növbələr (VİDEO)

Kremlin rəhbəri Vladimir Putinin səfərbərlik elan etməsindən sonra rusiyalılar kütləvi şəkildə ölkədən qaçır, bu səbəbdən qonşu ölkələrlə sərhədlərdə böyük tıxaclar yaranıb. Qaynarinfo xəbər verir ki, bunu hadisə şahidlərinin sosial şəbəkələrdə yayımlanan videoları sübut edir. 

Bir çox ruslar Gürcüstana getməyə üstünlük verirlər, nəticədə Yuxarı Larsda çox sayda avtomobil toplanıb. Oxşar vəziyyət Sankt-Peterburqda və Leninqrad vilayətində yaşayan Rusiya Federasiyası vətəndaşlarına ən yaxın olan Finlandiya ilə sərhəddə də yaranıb. 

Öz növbəsində Ulan-Udedən olan buryatlar Kyaxtadan keçərək Monqolustana qaçırlar. Bu arada Finlandiya digər Baltikyanı ölkələrdən nümunə götürərək artıq rusların ölkəyə girişini qadağan etməyə hazırlaşır.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto çərşənbə günü, sentyabrın 21-də bildirib ki, ölkə rusiyalı turistlərin ölkəyə girişinə məhdudiyyətlərlə bağlı qərar hazırlayır. Haavisto Finlandiyanın başqa ölkələr tərəfindən verilmiş Şengen vizası ilə rusiyalılar üçün tranzit ölkə olmaq istəmədiyini bildirib. Onun sözlərinə görə, Helsinkidə qərar hazırlanır və tezliklə parlamentə təqdim olunacaq.