Rusiyalı nazir qəzaya düşdü - Vəziyyəti ağırdır

Rusiyanın Kamçatka diyarının səhiyyə naziri Aleksandr Qaşkov Naçiki qəsəbəsindən Bolşeretska gedən yolda qəzaya düşüb.

Bu barədə regional hökumət məlumat yayıb. 

Bildirilib ki, Qaşkov da daxil olmaqla yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər rayon xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. Onun qabırğaları və çanaq sümüyü sınıb.

Qeyd edildiyi kimi, avtomobillərdən birində Qaşkovla yanaşı səhiyyənin inkişafı şöbəsinin rəis müavini Denis Fedotov da olub. Onun və sürücünün yüngül bədən xəsarəti aldığı deyilir.

Rayon Dövlət Yol Müfəttişliyinin ilkin məlumatına görə, mikroavtobusla “UAZ Patriot” markalı avtomobilin toqquşması baş verib. “Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb, hadisə ilə bağlı araşdırma aparılır, məlumat dəqiqləşdirilir”, - deyə idarədən bildirilib.