Rusiyada səfərbərliyə etirazlar: saxlanılanlara hərbi çağırış vərəqəsi verildi

Moskva və Voronejdə Rusiya hakimiyyətinin elan etdiyi qismən səfərbərliyə qarşı etiraz aksiyası zamanı saxlanılanlara hərbi komissarlıqlara çağırış vərəqələri verməyə başlayıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə "Meduza" nəşri yazıb.

Yabloko partiyasının üzvü Kirill Qonçarov Mojaysk rayon şöbəsində etirazçılardan birinə verilən çağırış vərəqəsini dərc edib.

Sokolinaya Qora rayonunda məhbuslardan birinin həyat yoldaşı bildirib ki, hərbi komissar çağırış vərəqəsini ərinə şəxsən verib. Eyni zamanda, çağırış vərəqələrinin çatdırılması polis əməkdaşları tərəfindən lentə alınıb.

Hüquq müdafiəçiləri bildirirlər ki, saxlanılanlardan biri çağırış vərəqəsini imzalamaqdan imtina etdiyinə görə cinayət işi ilə hədələnib.

Etirazçıların aparıldığı Voronej şəhərinin 8 saylı polis şöbəsində də onlara çağırış vərəqələri verilib. 

Xatırladaq ki, sentyabrın 21-də elan edilmiş qismən səfərbərlikdən sonra Rusiya şəhərlərində etiraz aksiyaları keçirilib. Hüquq müdafiəçilərinin məlumatına görə, polis azı 1176 nəfəri saxlayıb.