Rusiya “taxıl müqaviləsi”ni bərpa edir - Ukraynadan yazılı təminat alındı

Rusiya BMT və Türkiyənin köməyi ilə taxıl dəhlizindən döyüş əməliyyatları üçün istifadə etməmək üçün Ukraynadan yazılı zəmanət alıb. Bundan sonra Rusiya Qara Dəniz Taxıl Təşəbbüsündə iştirakını bərpa etməyə razılaşıb. Bizimxeber.az bildirir ki, bu barədə Rusiyanın Müdafiə nazirliyi məlumat yayıb.

“Rusiya Federasiyası hesab edir ki, hazırda alınan zəmanətlər kifayətdir və Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınması təşəbbüsü (“Qara Dəniz Təşəbbüsü”) sazişinin icrasını bərpa edir" - hərbi idarənin mətbuata açıqlamasında deyilir.

Rusiya oktyabrın 29-da “taxıl müqaviləsi”ndə iştirakını dayandırıb və buna səbəb kimi Sevastopola pilotsuz təyyarə hücumunu göstəib.

Oktyabrın 31-də Türkiyənin müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə razılaşmanı müzakirə edib. Noyabrın 1 -də Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan, həmçinin Ukrayna və Türkiyə Müdafiə Nazirliyinin rəhbərləri bu mövzunu müzakirə ediblər. Ankara bu gün, noyabrın 2- də Kiyevin mövqeyini Moskvaya təhvil verib.