Rusiya Şimali Koreyaya bir milyon barel neft verib


Rusiya Federasiyası (RF) bu ilin mart ayından Koreya Xalq Demokratik Respublikasına (KXDR) 56 min ton (yəni milyon bareldən çox) neft göndərib. Beləliklə, Moskva böyük ehtimalla Pxenyanın Ukrayna ilə müharibədə kömək etmək üçün əsgər və silah təhvil verməsini ödəyir.

Bu barədə BBC-yə istinadən xəbər verir. Böyük Britaniyanın "Open Source Center” tədqiqat mərkəzinin peyk şəkillərinin təhlilindən sonra verdiyi məlumata görə, son 8 ayda 12-dən çox Şimali Koreya tankeri Rusiyanın Uzaq Şərqdəki neft terminalı ilə Şimali Koreya limanları arasında 43 reys həyata keçirib.

Tankerlərin dənizdəki fotolarından göründüyü kimi, onlar boş halda Rusiyaya gediblər və artıq yüklənmiş halda Şimali Koreyaya qayıdıblar. 

Aparıcı ekspertlər əmindirlər ki, Kreml bu neftlə Şimali Koreyaya Pxenyanın Ukraynaya qarşı müharibədə yardım çərçivəsində Rusiya tərəfinə verdiyi silah və əsgərlərə görə pul ödəyir.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi də eyni fikirdədir.

"Open Source Center" tərəfindən sənədləşdirilən ilk reys martın 7-də baş tutub. Yəni Şimali Koreyanın Rusiya Federasiyasına sursat verməsi barədə ilk xəbərlərdən 7 ay sonra. Son reys noyabrın 5-də qeydə alınıb.

"Open Source Center”in baş analitiki Co Börnə görə, belə davamlı neft tədarükü Şimali Koreyaya "sanksiyalar tətbiq olunduqdan sonra görmədiyi sabitlik səviyyəsini” verir. Qeyd edək ki, Şimali Koreya nüvə proqramına görə BMT-nin sanksiyaları altındadır. Xüsusilə Şimali Koreyanın ildə 500 min bareldən çox neft alması qadağandır.