"Rusiya ABŞ-ın təklif etdiyi 30 günlük atəşkəsə razı olmayacaq, çünki bu, Ukraynanın yeni hücumlar üçün yenidən qruplaşmasına imkan verəcək". Bizimxeber.az bildirir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Viktor Sobolev deyib.
Sobolev müvəqqəti atəşkəs rejimini "tamamilə qəbuledilməz" hesab edib. Onun sözlərinə görə, bu barədə Rusiya lideri Vladimir Putin də danışıb.
Rusiyalı deputat onu da bildirib ki, atəşkəs yalnız Ukraynaya sərfəlidir, çünki 30 gündən sonra yenidən toparlana, qoşunlarını gücləndirə və əlavə pilotsuz təyyarələr əldə edə biləcək. "Bu, yalnız ukraynalıların əlinə oynayır. Bu gün gecə saatlarında nə qədər dron hücum etdi, buna ümumiyyətlə ehtiyacımız yoxdur", - Sobolev əlavə edib.
Xatırladaq ki, martın 11-də Ciddədə keçirilən danışıqlarda Ukrayna ABŞ-ın dərhal 30 günlük müvəqqəti atəşkəs tətbiq etmək təklifini qəbul etməyə hazır olduğunu bildirib. Tərəflərin qarşılıqlı razılığı ilə, Rusiya Federasiyası tərəfindən qəbul edildikdə və eyni vaxtda həyata keçirildikdə uzadıla bilər.