Rus reper videomüraciət yayımlayıb səfərbərlik üzündən intihar etdi

Krasnodarda Walkie kimi tanınan reper İvan Petunin Rusiya Federasiyasında elan edilən "qismən səfərbərlik” səbəbilə intihar edib.

Bu barədə "Meduza” 93.ru nəşrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, 27 yaşlı Petuninin cəsədi şəhərin hündürmərtəbəli binalarından birinin yaxınlığında tapılıb. Ölümündən bir müddət əvvəl o, müharibəyə getmək istəmədiyi üçün intihar edəcəyini bildirdiyi videomüraciət yayımlayıb.

"Bu videoya baxırsınızsa, deməli, mən artıq həyatda deyiləm… İnsan ölümünün günahını üzərimə götürə bilmirəm və istəmirəm. Mən heç bir ideal uğrunda öldürməyə hazır deyiləm”, - deyə gənc reper videomüraciətində bildirib.

Petuninin sözlərinə görə, o, psixo-nevroloji dispanserdə olduğundan orduya getməyə bilərdi, lakin "yaxın günlərdə qismən səfərbərliyin tam səfərbərliyə çevriləcəyindən” ehtiyat edib. Ölən gün reper yeni albom buraxıb. Petunin müraciətində "mənim necə insan olduğumu anlamaq üçün onlardan bəzilərinə qulaq asın” deyib.