Rövşən Əsgərov barəsində həbs qərarı çıxarıldı

Rusiyanın paytaxtı Moskvada azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı verilib.

Bizimxeber.az bildirir ki, sözügedən qərarı Moskvanın Basman Rayon Məhkəməsi verib.

Məlumata görə, məhkəmə R. Əsgərov barəsində saxlanıldığı və yaxud ekstradisiya edildiyi andan iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, aprelin sonu Rusiyada Rövşən Əsgərov barəsində cinayət işi başlanılıb, mayın əvvəlləri isə o, bu ölkədə axtarışa verilib. Əsgərov, sosial şəbəkələrdəki paylaşımlarında nasizmi bərpa etməkdə ittiham olunur.

İstintaq Komitəsi müəyyən edib ki, 49 yaşlı Əsgərov feysbukda rusiyalı sərkərdə, SSRİ marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar paylaşıb.

R. Əsgərov isə barəsində açılan cinayət işi ilə bağlı açıqlamasında nasizmi reabilitasiya etmək ittihamlarını rədd edib. O bildirib ki, cinayət işinin açılmasına səbəb olan paylaşımındakı bütün sözlərində böhtan, yalan, nasizmin reabilitasiyası yoxdur. “Heç olmasa, vikipediyada hər şeyi yoxlamaq olar. Onların xəstə fantaziyası var”.

Bundan əlavə, o,  jurnalist, “İ Qryanul Qrem” yutub kanalının müəllifi Vadim Radionova müsahibəsində Rusiyadan Azərbaycana köçməsinin səbəbini belə izah edib: “Küçə ilə gedirsən və teatr binasının üzərində nasist svastikası görürsən, belə bir ölkədə necə yaşamaq olar?! Artıq sadəcə olaraq burada yaşaya bilmirsən. İnsanların toplaşdığı və faşist şüarlarının səsləndirildiyi bir ölkədə necə yaşamaq olar?! Orada yaşamaq mümkün deyil”.