Rasim Məmmədova 15 il həbs, Oksford Məktəbinin müsadirə olunması istənildi

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova - Əsgərovanın sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Orxan Səmədov çıxış edib. Prokuror Rasim Məmmədovun verilmiş ittihamlarla təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilməsini istəyib. 

Qeyd olunub ki, keçmiş şirkət rəhbəri təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 

Həmçinin Rasim Məmmədovun cinayət işi ilə bağlı üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə olunması istənilib. Prokuror Orxan Səmədov ümumi bazar dəyəri 70 milyon manat civarında qiymətləndirilmiş əmlakların müsadirə olunmasını tələb edib. Həmin əmlaklara Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi, bir şirkət, bir neçə fərdi yaşayış və bağ evləri daxildir.

Xatırladaq ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, "Baku Steel Company"nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.