Qəsəbədaxili yolların sahibi kimdir? - Qurumlar ötür-ötür oynayır


"Qəsəbədaxili yollar agentliyin balansında deyil və indiyə qədər də niyə təmir olunmamasına agentlik və agentliyin rəhbərliyi cavabdehlik daşımır". Bu fikirlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Sosial etirazların bir forması da yol problemidir - Saleh Məmmədov nə düşünür?" başlıqlı məqaləyə münasibət kimi bildirilib. 

Qurum açıqlamasında həmçinin qeyd edir: - "Hər hansı bir məlumat paylaşımamışdan öncə yaxşı olardı media qurumu olaraq araşdrıma aparasız və dolğun informasiyaya malik məqalə yazasız. Sizin yazınız boş sözlərdən və qərəzli yanaşmadan başqa bir şey deyil".

Əvvəla onu deyək ki, hər hansı bir məqaləyə bu formalı aqressiv münasibəti başa düşürük. Çünki belə problemlərin işıqlandırılması qurum rəhbəri Saleh Məmmədovun fəaliyyətsizliyini yada salmaqdır və təbii ki, narahatedicidir. 

Amma bu da danılmaz faktdır ki, regionlarda, eləcə də Bakı kəndlərində qəsəbədaxili yollar tamamilə baxımsız və keçilməz vəziyyətdədir. Bu yolların təmiri il bağlı rayon icra hakimiyyətlərinə edilən müraciətlərə verilən cavab isə konkretdir  - "Yolların təmiri ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bir başa məsuldur və yolların bərbad olması ilə bağlı onlara mütəmadi məlumat veririk. Təssüflər olsun ki, hələlik konkret nəticə və cavab yoxdur". 

Həmçinin mətbuatda Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilən çoxsaylı məlumatlarda qeyd olunur ki, filan qəsəbənin, məhəllənin yolları təmir olunur, şəkillər və video paylaşımlar yayılır.

Elə isə AYYDA-nın məlum açıqlaması nədir və nəyə hesablanıb? Daha dəqiqi, qəsəbədaxili yolların sahibi kimdir? 

Görünür belə açıqlamalar veməklə qurum rəhbərliyi məsuliyyətdən yayınmağa və vaxt udmağa çalışır. Hansı ki, onların işi yolların təmir edilməsi, vətəndaşların məlum probleminin həllidir. Saleh Məmmədov isə yəqin yaşlanıb və artıq problemləri xırd edə bilmir.

Bir daha təkrar edirik ki, bu gün sosial etirazların əsas səbəblərindən biri insanların yol, keçid problemidir ki, bu işə bir başa Avtomobil Yolları Dövlət Agentliyi cavabdehdir. Yol mədəniyyətdir, yol infrastruktur, inkişaf deməkdir. Biz isə hələ də şəhərin göbəyində palçıqlı yollarla həyat çürüdürük.

Bir neçə gün əvvəl qonşu Qazaxıstanda baş verənlər sosial etirazla başladı və daha geniş vüsət aldı. Bütün aidiyyatı qurumlar baş verənlərdən nəticə çıxarmalıdır.