Qələbələr idman ölkəsi olduğumuzu təsdiqləyir – Nurəliyev

Bu gün Azərbaycan idmanı inkişaf səviyyəsinə görə, dünyanın aparıcı ölkələrindən biri hesab olunur. İdmanın ölkəmizdə geniş vüsət alması heç də təsadüfi deyil. 

Bunu Bizimxeber.az-a açıqlamasında 51 saylı Şirvan seçki dairəsindən namizədliyini irəli sürmüş İlkin Nurəliyev deyib.

Onun sözlərinə görə, idman təkcə idmançılar arasında deyil, həm də xalqlar arasında dostluq münasibətlərinin yaranması və möhkəmlənməsində də mühüm rol oynayır: “Bu baxımdan, dövlətimiz idmanın inkişafını xüsusi prioritet sayır və bu istiqamətdə böyük uğurlu layihələr həyata keçirir. İdmanla məşğul olmaq üçün ölkəmizdə bütün lazımi şəraitlər yaradılır. Müasir idman avadanlığı ilə təchiz edilən və dünya standarlarına uyğun idman kompleksləri, stadionlar və üzgüçülük hovuzları  və s. mövcuddur. Dövlət tərəfindən idmançılarıa göstərilən qayğı onlarda böyük ruh yüksəkliyi oyadır, istər yerli, istər regional, istərsə də beynəlxalq yarışlarda böyük nailiyyətlərə imza ataraq ölkəmizi dünyada  ləyaqətlə təmsil edərək üçrəngli bayrağımızı ucaldırlar.

Ölkəmizin idmançılarının beynəlxalq yarış və turnirlərdə əldə etdikləri qələbələr, həmçinin Azərbaycanda  keçirilmiş müxtəlif  beynəlxalq yarışlar Azərbaycanın dünyanın aparıcı idman ölkələrindən biri olduğunu bir daha təsdiqləyir”.

İlkin Nurəliyev bildirib ki, idman həmçinin gənclərin vətənpərvərlik tərbiyəsində çox mühüm rol oynayaraq vətəndaşlarımızı milli-dövlətçilik ideyaları ətrafında səfərbər edir:

“Tarixi qələbəmizlə tamamlanan 44 günlük Vətən müharibəsi gedişində Azərbaycan gənclərinin necə böyük ruhla, əzmlə cəbhəyə can atdıqlarının şahidi olduq. Azərbaycan gəncliyindəki bu vətənpərvərlik ruhunun formalaşmasında ölkəmizin son onilliklərdəki idman qələbələrinin rolu böyükdür. Azərbaycanın idman sahəsində nailiyyətləri sağlam gəncliyin yetişməsində də mühüm rol oynayır. Sağlam nəsil vətənimizin sağlam gələcəyi deməkdir. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdiriliməsi məhz dövlətin uğurlu siyasətinin davamıdır. Dövlətin yürütdüyü idman siyasəti nəticəsində idman uğurlarımız qarşıdakı illərdə də davam edəcək və Azərbaycan dünyanın qabaqcıl idman dövlətləri arasında öz mövqeyini daha da möhkəmlədəcək”.