Qarşıdakı əfvdə siyasi məhbuslar azad edilə bilərmi?

Prezident Yanında Əfv Məsələləri Komissiyası artıq öz işini yekunlaşdırıb.

Bizimxeber.az bildirir ki, bu barədə danışan komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib ki, ötən aydan bəri davam edən iclaslarda 700-ə qədər ərizəyə baxılıb: “Sonuncu iclasda isə 100 ərizəyə baxıldı. Komissiyanın yekun siyahısı cənab prezidentə təqdim ediləcək”.

Qeyd edək ki, 28 May Respublika Günü münasibəti ilə Azərbaycan prezidentinin əfv sərəncamı olacaq. Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda isə Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var.

Bəs görəsən, bu siyahıdan kimlər əfvə düşə bilər? 

Müdafiə Xətti İnsan Haqları Təşkilatının rəhbəri Rüfət Səfərov Gununsesi.info-ya açıqlamasında gözlənilən əfv sərəncamı haqqında danışıb: “Mən açığı gözləmirəm ki, bu əfv Azərbaycanda siyasi məhbus problemini aradan qaldıracaq. Müəyyən bir qism adamlar var ki, onların azadlığa buraxılması gözləniləndir. İranla Azərbaycan hökuməti arasındakı son yaxınlaşmadan sonra belə bir fikir yaranıb ki, həbsdəki dindarlar siyahıda olsun. Bir də köhnə siyasi məhbuslar var ki, onların da azadlığa çıxması mümkün ola bilər. Çünki, onların yerini yeniləri doldurub. Hazırda ölkənin vətəndaş cəmiyyətinin tanınmış simaları və jurnalistlər həbsdədir. Onların istintaq altında olmasını nəzərə alsaq,  bu sərəncamda adlarının olmaması gözləniləndir”.

Rüfət Səfərov hesab edir ki, Azərbaycanın müttəfiqi olan Türkiyə belə Avropa İttifaqına yaxınlaşma  kursunu götürüb: “Türkiyə hökuməti artıq ölkənin gələcəyi üçün bunu edir. İstər ABŞ, istərsə də Aİ ilə aparılan danışıqlarda Ərdoğan hökuməti siyasi məhbus və media azadlığı məsələlərində müsbətə doğru addım atılacağına dair vədlər verir.  Ona görə də Azərbaycan da siyasi məhbus problemini həll etməlidir”. /Gununsesi/