"Qaçqınkom" keçmiş nazirə yaxın olduğu deyilən şirkət 200 minlik tender verdi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdiriyyəti Bakı, Mingəçevir şəhərlərində və Abşeron rayonunda məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işləri ilə bağlı satınalma müsabiqəsinə yekun vurub.  

Müsabiqənin qalibi "SS-İnşaat” MMC olub. Qurumla şirkət arasında maliyyə dəyəri 195 914.69 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "SS-İnşaat” MMC 19 mart 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Həsən Salmanlı küçəsi, ev 5/7, mənzil 16-da yerləşir. MMC-nin qanuni təmsilçisi Qurbanov Fuad Sərxan oğludur. 

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur. 14 ildir fəaliyyət göstərməsinə baxmayaraq, "SS-İnşaat”ın nə veb-səhifəsinə, nə də əlaqə telefonlarına rast gəlmək mümkündür. 

"SS-İnşaat” MMC dövlət satınalmalarında əsasən Heydər Əsədovun kənd təsərrüfatı naziri olduğu dövrdə bu nazirliyin keçirdiyi tenderlərin qalibi olub. Mediada gedən məlumatlarda "SS-İnşaat” MMC-nin daha bir keçmiş kənd təsərrüfatı naziri - İsmət Abbasovun nəzarətində olduğu deyilir. Bu faktı dəqiqləşdirmək üçün nə şirkət, nə də İsmət Abbasovla əlaqə saxlamaq mümkün olub.